Dünyada şəkər kəskin ucuzlaşır, amma Azərbaycanda...

Qənd

Son aylar dünyada şəkərin qiymətində baş verən kəskin ucuzlaşma Azərbaycanda bir qədər ləng gedir.

Hazırda paytaxt Bakıdakı marketlərdə qənd ortalama 2 manat 10 qəpiyə, şəkər tozu isə 1 manat 49 qəpiyə satılır.

Son aylar şəkər tozunun qiymətində, cüzi də olsa, ucuzlaşma var. Avqustda 1 kiloqram şəkər tozu 1 manat 59 qəpik olub. Bu, təqribən 6 faiz ucuzlaşma deməkdir.

Əvəzində dünyada hazırda şəkərin qiyməti son illərin minimum səviyyəsinə -bir funt (0.45 kq) üçün 14.48 sentə (25 qəpik) enib. Şəkərin qiymətinin son bir ayda 12.04, son bir ildə isə 34.22 faiz düşdüyü bildirilir.

Ekspertlərə görə, bu azalma son yeddi ayda davam edən təzyiqlərin növbəti mərhələsidir və əsas səbəblərdən biri Braziliyada şəkər istehsalının artmasıdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, son bir ildə Azərbaycanda da şəkər, qənd istehsalı (21.6 faiz) artıb.

Bəs onda şəkər nədən dünyada Azərbaycanla müqayisədə daha çox ucuzlaşıb?

Səbəblər...

Bütün bunlara Azərbaycanda şəkər istehsalçılarının və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma bəlli olur ki, son bir ildə Azərbaycandan şəkər ixracı artıb. Bu ilin ilk doqquz ayında Azərbaycandan 46.7 milyon dollar həcmində 65 min 213 ton şəkər ixrac edilib. Rəsmi məlumatlara görə, şəkər ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 46.8 faiz, miqdar ifadəsi ilə isə 56.8 faiz çoxdur.

Bu ilin ilk doqquz ayının nəticələrinə görə, Azərbaycanın xaricə satdığı şəkərin orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib.

Müstəqil iqtisadçılar deyir ki, Azərbaycanda məhsulların maya dəyəri baha başa gəlir. Üstəlik, onların fikrincə, ölkədə tam rəqabətə cavab verən şərait hökm sürmür, ona görə də dünya bazarında bəzən baş verən müsbət tendensiyalar Azərbaycanda özünü göstərmir.

Müstəqil iqtisadçılar xatırladırlar ki, Azərbaycanın hökumət rəsmiləri, bir qayda olaraq, inflyasiyanı əsasən idxal amili ilə izah edirlər. Onların vurğulamasına görə, şəkərin qiymətində dəyişikliklər rəsmilərin arqumenti ilə ziddiyyət təşkil edir.