Moldovada Azərbaycan səfirliyi qarşısında aksiya

Moldovada Xədicə İsmayılı müdafiə aksiyası, 03.05.2016

Mayın 3-də Azərbaycanın Moldovadakı səfirliyinin qarşısında jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilib.

Turan-ın xəbərinə görə, aksiyanı RISE araşdırmaçı jurnalistlər birliyi və Moldovanın Araşdırmaçı Jurnalistika Mərkəzi təşkil edib. Aksiya 3 May Dünya Azad Mətbuat Gününə həsr olunub.

Səfirlik işçiləri piket iştirakçılarının qarşısına çıxmayıblar.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin jurnalist ittihamları rədd edir. Peşə fəaliyyətinə, prezident və ailəsinin gizli biznesi haqda araşdırmalarına görə cəzalandırıldığını bildirir.

«Amnesty İnternational» beynəlxalq hüquq-müdafiə təşkilatı Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.