Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycana gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10.5 faiz azalıb. Dörd ay ərzində ölkəyə dünyanın 175 dövlətindən 658.5 min xarici və vətəndaşlığı olmayan şəxs səfər edib.
Gələnlərin 26.7 faizi Rusiya, 22.4 faizi Türkiyə, 8.7 faizi İran, 5.3 faizi Gürcüstan vətəndaşları olub.
Əsas azalma Körfəz ölkələrindən gələnlərin sayında qeydə alınıb – bu istiqamətdə geriləmə 27.8 faiz təşkil edir.
Hesabat dövründə Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərinin sayı da 4.8 faiz azalaraq 602.4 min nəfərə düşüb. Ölkədən gedənlərin 40.8 faizi Türkiyəyə (ötən illə müqayisədə 7.5 faiz çox), 16.8 faizi Rusiyaya (1 faiz az), 10.8 faizi Gürcüstana (7.1 faiz az), 7.9 faizi isə İrana (31.4 faiz az) yollanıb.
Digər ölkələrə səfər edənlərin payı 23.7 faiz təşkil edib ki, bu göstəricidə də 12.1 faiz azalma var.
Ekspertlər Körfəz ölkələrindən gələnlərin sayının azalmasını, əsasən, Yaxın Şərqdə son aylarda artan gərginliklə izah edirlər. Bununla yanaşı, mütəxəssislər 2020-ci ilin əvvəlindən koronavirus pandemiyası səbəbindən Azərbaycanın quru sərhədlərində tətbiq olunan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını vurğulayırlar.
Təhlilçilərin fikrincə, həm quru sərhədlərinin qapalı olması, həm də regional rəqiblərlə müqayisədə turizm imkanlarının baha olması ölkəyə gələn xaricilərin sayını xeyli azaldır. Onlar yaxın vaxtlarda Gürcüstana dəmiryol xəttinin açılmasının bu prosesə müəyyən müsbət təsir göstərəcəyini ehtimal edirlər.
Ölkədən gedənlərin sayındakı geriləməni isə ekspertlər əhalinin maddi vəziyyəti ilə əlaqələndirirlər. İrana səfər edənlərin sayındakı kəskin azalma (31.4 faiz) isə bu ölkədəki daxili gərginlik, habelə İranın İsrail və ABŞ ilə apardığı hərbi toqquşmalarla izah olunur.