Bu ilin 11 ayında Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsini azaldıb, Rusiya ilə artırıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında ticarət əməliyyatlarının həcmi 5.2 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında bildirilir. Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 424.3 milyon ABŞ dolları və ya 7.5 faiz azdır.
Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 11.66 faizi həcmində olub. Bununla da sözügedən ölkə Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında ikinci pillədə qərarlaşıb.
Cari ilin yanvar-noyabrında Azərbaycandan Türkiyəyə 3 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 440 milyon ABŞ dolları və ya 12.5 faiz azdır.
Hesabat dövründə Türkiyədən Azərbaycana isə 2.125 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15.7 milyon ABŞ dolları və ya 0.7 faiz artım deməkdir.
Əvəzində isə Azərbaycanın başqa bir qonşusu -Rusiya ilə ticarət dövriyyəsi bir qədər də güclənib. Bu ilin 11 ayında Azərbaycan Rusiyaya 1 milyard 87 milyon dollar dəyərində (+0.3 faiz) məhsul ixrac edib. İdxal isə 3 milyard 420 milyon dollar (+3.8 faiz) təşkil edib.
Bununla belə, Rusiya Azərbaycanın ticarət dövriyyəsində 10.11 faizlə üçüncü yeri tutur.
Son bir ildə Azərbaycanla Rusiyanın münasibətlərində siyasi baxımdan müəyyən gərginlik olduğu iddia edilirdi. Xüsusilə də ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həlak olmasının münasibətlərin gərginləşməsinə səbəb olduğu vurğulanırdı. Bəzi ekspertlər deyir ki, əslində Qərb ölkələri və onun dəyərlərinə sözügedən hər iki ölkənin rəhbərliyində eyni münasibət bəsləndiyindən onların arasında reallıqda dərin böhran hökm sürmür.