Azərbaycan Rusiya Müdafiə Nazirliyinin açıqlamasından narazı qalıb

Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, martın 7-də Rusiya Müdafiə Nazirliyinin açıqlamasına münasibət bildirib.

AMN qeyd edib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Ukraynaya göndərilən humanitar yardım kontekstində verdiyi açıqlamada "Dağlıq Qarabağ" ifadəsinin işlədilməsi qəbuledilməzdir: "Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. Eyni zamanda, iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur".

Nazirlik vurğulayır ki, Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də bu ölkənin Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunub: "Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər".

Rusiya Müdafiə Nazirliyinin saytının martın 7-də yaydığı açıqlamada qeyd edilirdi ki, "Dağlıq Qarabağ və Suriya Kiyev və Zaporojye vilayətlərinin əhalisi üçün humanitar yardım göndərib".

Həmin məlumatda Rusiya Federasiyasının Müdafiəyə Nəzarət Milli Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsevə istinadən habelə vurğulanırdı ki, “14 ton zəruri əşyalar Dağlıq Qarabağdan gətirilib”.

Azərbaycan Müdafiə Nazirliyinin cavab açıqlamasına, hələlik, Rusiya Müdafiə Nazirliyindən münasibət bildirilməyib.

Xatırlatma

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.