Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-in avqustun 18-də yayılan açıqlamasına görə, son dövrlərdə Rusiyanın informasiya məkanında “Azərbaycan Respublikası, xalqı, ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla” bağlı ciddi narahatlıq, habelə "qəti etiraz" qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazirliyin açıqlamasında da bir gün əvvəl ölkə Baş Prokurorluğunun məlumatında bəhs edilən verilişlərin üzərində dayanılıb.
“Azərbaycan dövlətinin daxili siyasi proseslərinə müdaxilə imkanlarının müzakirə edilməsi, xalqına və rəhbərliyinə qarşı fiziki zorakılıq xarakterli çağırışların səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb”, - məlumatda əlavə edilib.
Vurğulandığına görə, görüşdə Rusiyanın informasiya, media məkanında Azərbaycan əleyhinə təxribat, təhdid və zorakılıq ritorikasına son qoyulması məqsədilə təxirəsalınmaz, təsirli tədbirlərin görülməsi barədə gözləntiləri bir daha qarşı tərəfin diqqətinə çatdırılıb.
Hələlik, bu açıqlamaya Rusiyanın Azərbaycandakı səfirliyi və bu ölkənin başqa cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycan Rusiya ekspert və jurnalistlərini axtarışa verib
Azərbaycan Baş Prokurorluğu Rusiyanın bəzi ekspert və jurnalistlərini beynəlxalq axtarışa verib. Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Söhbət Rusiya vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist İvan Knyazevdən, siyasi məsləhətçi, media eksperti Semyon Uralov və televiziya jurnalisti kimi fəaliyyət göstərən, Rusiyanın nəqliyyat nazirinin müşaviri Aleksey Çadayevdən gedir. Vurğulandığına görə, onların bu ilin iyulun 14-də “YouTube” platformasında “Семён Уралов” adlı kanalda “Чистота понимания” ("Anlamanın saflığı") verilişində Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə şübhələr müəyyən edilib.
Habelə iddia edildiyinə görə, həmin şəxslərin avqustun 13-də qeyd olunan kanalda yayımlanan verilişdə terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr yaranıb.
Azərbaycan Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub. Sözügedən şəxslər axtarış elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
Əlavə edildiyinə görə, onların tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycana verilməsi üçün Baş Prokurorluq müvafiq müraciətlər edib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Hələlik, bu rəsmi açıqlamaya, orada yer alan iddialara sözügedən şəxslərdən və Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Rusiya SOCAR-ı vurdu – Bakının Moskva kursu: 'Nə yaxın, nə uzaq'
Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib
Avqustun 17-də Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib. Məlumatı “APA” informasiya agentliyi yayıb.
2025-ci ilin sentyabrında Rusiyanın hakimiyyətyönlü Teleqram kanalları Həsənovun Rusiya vətəndaşlığından məhrum edildiyini yazıblar. “Agentstvo” nəşri aydınlaşdırıb ki, onun 2019-cu ildə verilmiş pasportu “Qosusluqi” portalında etibarsız kimi göstərilir. Həsənovun özü isə Rusiya vətəndaşlığından məhrum edilməsi barədə məlumatın “həqiqətə uyğun olmadığını” deyirdi.
APA-nın yazdığına görə, 2026-cı ilin iyununda Həsənovu hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıb və xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzinə yerləşdirilib.
İfrat sağçı “Mnoqonatsional” Teleqram kanalı Həsənovun Federal Məhkəmə İcraçıları Xidmətinə məxsus avtomobildən düşdüyünü göstərən video yayıb. Görüntülərin Moskva hava limanlarından birində çəkildiyi ehtimal olunur.
2025-ci ilin yayında Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev, Moskva vilayəti azərbaycanlıları birliyinin rəhbəri Elşən İbrahimov, həmçinin azərbaycanlı idmançı Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum ediliblər.
Xatırlatma
Son illər Azərbaycan Rusiya münasibətlərində müəyyən gərginliklər müşhidə esilsə də sonradan anlaşılmazlıqların aradan qaldırıldığı bəyan edilmişdi. Xüsusilə bu baxımdan 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə 38 nəfərin həlak olması diqqət çəkmişdi.
Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və onun kursdan çıxaraq Qazaxıstan istiqamətinə yönəldiyini vurğulayaraq hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirirdilər. Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirdi. Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə yetirilməmiş qalırdı.Amma bu ilin aprelində AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunduğu açıqlandı.
Bu arada həm Rusiyada Azərbaycan dasporunun təmsilçilərindən, həm də Bakıda Rusiya vətəndaşlarından müxtəlif ittihamlarla həbs edilənlər olmuşdu. Lakin liderlərin birbaşa təmaslarından sonra Azərbaycan tutulan Rusiya vətəndaşlarından "Sputnik-Azərbaycan"ın əməkdaşları sərbəst buraxmışdı.
Üstəlik, bu ilin iyulunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə müttəfiqliyin daha da reallaşdırılmasından bəhs edilmişdi.