Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması məsələsi gündəmdə deyil. AZƏRTAC-ın xəbərinə görə, bunu iyulun 10-da elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, məqsəd şagirdlərin xarici dillərlə yanaşı, Azərbaycan dilini də yüksək səviyyədə bilməsini təmin etməkdir: "Rus dili üzrə müəllim hazırlığında müəyyən çatışmazlıqlar mövcuddur. Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə imtahan nəticələri göstərir ki, maksimal nəticə 50–60 bal arasındadır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Bu səbəbdən biz müəllimlərin işə qəbulunda aşağı bal toplamış namizədləri də nəzərə almağa məcbur oluruq".
Son həftələr Rusiya-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda bəzi ölkə vətəndaşları dövlət hesabına rus dilində təhsil verməyin düzgün olmadığı və bunun aradan qaldırılması ilə bağlı təkliflər səsləndirirdilər.
Rəsmi məlumatlara görə, Azərbaycanda 300-dən çox məktəbdə rus dilində tədris aparılır. Ölkədə 4 mindən çox orta məktəbin olduğu bildirilir.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda rus məktəbləri bağlanmalıdır? - Bakıda sakinlər cavablayır
Xatırlatma
İki həftə öncə, iyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli insanlara qarşı əməliyyat keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.
Başa tərəfdən, Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları tutulub. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Son günlər iki ölkə arasında münasibətlərin nisbətən normallaşdığı bildirilir.