Azərbaycanın qeyri-neft ixracında birinci yeri qızıl tutur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın oktyabr sayında bəhs edilir.
İcmalda bildirilir ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.7 faiz artaraq 2.6 milyard ABŞ dolları təşkil edib: "İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (238 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (157.2 milyon dollar) ikinci, pambıq lifi (134.7 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb".
İİTKM-in bir il əvvəl yayılan icmalında isə deyilirdi ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2.5 milyard ABŞ dolları təşkil edib: "İxrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150.7 milyon dollar) birinci olub. Bu siyahıda pomidor (tomat) (139.6 milyon dollar) ikinci, qızıl (115.3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb".
İcmallardan bəlli olur ki, qeyri-neft sektorunun ixracında artım 100 milyon dollardır. Elə bu qədər də qızılın ixracında artım var.
Bu il dünyada qızıl təqribən 50 faiz bahalaşıb. Azərbaycan bu ilin əvvəlindən də qızıl idxalını kəskin artırıb.
Xatırlatma
2015-ci ildə dünyada neft kəskin ucuzlaşanda Azərbaycan hökuməti qeyri-neft sektorunda ixracı artırmağı qarşısına əsas vəzifə qoyduğunu açıqlamışdı. Amma ekspertlər hesab edirlər ki, keçən bu illər ərzində Azərbaycanın qeyri-neft ixracı əhəmiyyətli şəkildə artmayıb. Məsələn, onlar xatırladırlar ki, 2017-ci ilin doqquz ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1 milyard 69 milyon ABŞ dollarına bərabər olmuşdu. Yəni 2.4 dəfə artım var. Amma elə bütünlükdə ölkənin ixracında da 2.4 dəfə artım olduğu vurğulanır. Nəticə etibarı ilə ixracın yenə 80-90 faizi neft və qazın payına düşür.