2026-cı ilin ilk yarısında ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanda narkotiklə bağlı aşkarlanan cinayət faktları azalsa da həm tutulanların sayının, həm də müsadirə edilən maddələrin həcminin artdığı bildirilir. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilir.
Qurum vurğulayır ki, hesabat dövründə bu sahədə ümumilikdə 4 min 434 cinayət faktı aşkarlanıb: “Onlardan 1091-i narkotik vasitələrin qanunsuz satışı, 3 min 266-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub”.
Qurum əlavə edir ki, ümumilikdə 5 ton 497 kq 378,1 qram narkotik vasitələr və psixotrop maddələr (dəyəri 166 milyon AZN kimi qiymətləndirilir) dövriyyədən çıxarılıb. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2 min 848 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
İşçi qrup bundan əvvəl isə bəyan etmişdi ki, ötən ilin ilk yarısında ümumilikdə 4 min 675 cinayət faktı aşkarlanıb. Aşkarlanmış faktlar üzrə dövriyyədən ümumilikdə 4 ton 290 kq 046,798 qram narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 838 nəfər cəlb edilib.
Son illər Azərbaycanda narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olanların sayının artdığı da bildirilir. Amma ekspertlər deyir ki, həmin rəqəmlər gerçək vəziyyəti tam əhatə etmir. Onların fikrincə, bir çox istifadəçilər heç qeydiyyata düşmür. Həmin ekspertlərin iddiasına görə, narkotiklərlə bağlı məsuliyyətə cəlb edilənlərin bir çoxu işsiz şəxslərdir.