Dünyada korrupsiya ilə bağlı durum pisləşir, hətta oturuşmuş demokratiyalarda belə liderlikdə geriləmə fonunda korrupsiya artır. "Transparency International" təşkilatı fevralın 10-da Korrupsiyanı Qavrama İndeksini (KQİ) yayıb. İllik indeksə görə, 10 il qabaq balı 80-dən yuxarı ölkələrin sayı 12 idisə, bu il 5-ə düşüb.
KQİ 182 ölkə və ərazidə dövlət sektorunda korrupsiyanın səviyyəsini ölçür. 0 bal yüksək korrupsiyanı, 100 bal isə korrupsiyanın olmadığını göstərir.
Bu il qlobal KQİ ortalaması 10 ildən artıq müddətdə ilk dəfə 42-yə düşüb. Ölkələrin əksəriyyətinin korrupsiyanı nəzarətə ala bilmədiyi vurğulanır. 182 ölkədən 122-sinin balı 50-dən aşağıdır.
ABŞ (64), Kanada (75), Yeni Zelandiya (81), Böyük Britaniya (70), Fransa (66) və İsveç (80) kimi demokratiyalarda korrupsiya indeksi geriləyib.
Azərbaycanın yeri yaxşılaşıb, amma...
Azərbaycan 30 balla 130-cu yerdədir. Bu, ötənilkindən yaxşılaşma sayıla bilər. 2024-cü il Korrupsiyanı Qavrama İndeksində Azərbaycan 100 baldan 22 bal toplayaraq 180 ölkə arasında 154-cü olmuşdu.
Müqayisə üçün, Gürcüstan 50 balla 56-cı, Ermənistan 46 balla 65-ci, Rusiya 22 balla 157-ci, İran 23 balla 153-cü pillədədir.
"Venesuela (10 bal) və Azərbaycan (30 bal) kimi tam avtokratiyaların çoxunda korrupsiya sistematikdir və hər səviyyədə üzə çıxır", – hesabatda deyilir.
Azərbaycanda hakimiyyət təmsilçiləri isə ölkədə korrupsiya ilə sistematik mübarizə aparıldığını deyirlər. Son illər ölkədə bir neçə icra başçısı, yüksəkvəzifəli korrupsiya, mənimsəmə ittihamı ilə həbs olunub. Amma tənqidçilər bu mübarizəni yetərli saymırlar.
"Transparency International" xəbərdarlıq edir ki, korrupsiyaya qarşı qlobal mübarizədə cəsarətli liderliyin yoxluğu beynəlxalq antikorrupsiya səylərini, bir sıra ölkələrdə islahatlar üçün təzyiqi zəiflədir.