Dövlətə məxsus 100-dən çox domen kiberhücuma məruz qalıb

Server

Dünən, oktyabrın 13-ü saat 22:00 radələrindən başlayaraq Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücumlar qeydə alınıb.

Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Rəsmi məlumata görə, xarici haker qruplaşması tərəfindən törədilən kiberhücum zamanı Azərbaycanın dövlət strukturlarına məxsus 100-dən çox domen hədəf seçilib.

Açıqlamada kiberhücum səbəbindən bir sıra dövlət qurumlarının internet resurslarının fəaliyyətində fasilələr yarandığı bildirilir: "Görülmüş operativ texniki tədbirlər nəticəsində kiberhücumun qarşısı alınıb, təsirləri minimuma endirilib və saytların fasiləsiz fəaliyyəti bərpa edilib".

Bununla belə, rəsmi açıqlamada həmin "xarici haker qruplaşmasının" hansı ölkəyə bağlı olduğu qeyd edilmir.

Azərbaycanda rəsmi qurumlar əvvəllər də bu adda kiberhücumlarla bağlı bənzər bəyanatlarla çıxış ediblər.

Hətta prezident İlham Əliyev bu il fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə ötən il ölkənin çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qaldığını vurğulamışdı: "Biz onun mənbəyini də bilirik və özümüzü bu ciddi problemlərdən qorumaq üçün lazımi tədbirlər də görülüb. Ona görə də bu sahəyə ciddi diqqət yetirilməlidir. Ölkəmizdə artıq Kibertəhlükəsizlik Mərkəzi fəaliyyət göstərir və onun işi daim diqqət mərkəzində saxlanılmalıdır".

Xatırlatma

Prezident konkret ölkə adı çəkməyib. Ötən il hakimiyyətə yaxın bir sıra media orqanlarında bu məsələ ilə bağlı Rusiyanın adı hallanıb. Amma belə iddiaları nə Azərbaycanın, nə də Rusiyanın rəsmi qurumları təsdiqləyib.

Azərbaycanda Milli Kibertəhlükəsizlik Mərkəzi 2023-cü ildə təsis edilib.