Azərbaycanın quru sərhədləri azı iyulun 1-nə kimi bağlı qalacaq

Sizin brauzer HTML5-i dəstəkləmir

Quru sərhədləri İrana görə bağlıdır?

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılmaqda davam edir. Baş nazir Əli Əsədov bununla bağlı bu gün, martın 16-da növbəti qərar imzalayıb.

"Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb",-qərarda yazılıb.

Bundan əvvəl bu müddət 2026-cı il aprelin 1-i, saat 06:00-dək olan dövrü əhatə edib.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb. Bir sıra müxalifət təmsilçiləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Hətta bununla bağlı paytaxt Bakıda etiraz aksiyasına da cəhd ediblər. Hakimiyyət rəsmiləri isə son vaxtlar çıxışlarında sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amili ilə yozurdular. Elə baş nazir Əli Əsədov üç gün əvvəl, martın 13-də Milli Məclisdə hökumətin hesabatını verərkən demişdi ki, regionda son hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir.

Baş nazir bu gün, martın 16-da müddəti yenə uzadarkən isə bunu sırf koronavirus (COVID-19) infeksiyası ilə izah edib. Hərçənd, 2023-cü ilin mayında Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını açıqlayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 830 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-nün vəfat etdiyi bildirilib. Amma son illər bu virusa yoluxmanın kəskin şəkildə azaldığı vurğulanır. ÜST 2023-cü il mayın 5-də koronavirus pandemiyasının başa çatdığını açıqlayıb.