Azərbaycan dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr sırasında

ToplumTV, MeydanTV, AbzasMedia işləri üzrə saxlnanlar

Artıq beş ildir dünyada 300-dən çox jurnalist dəmir barmaqlıqlar arxasındadır. Bu haqda Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 21-də açıqladığı hesabatında bildirir.

Ötən il dekabrın 1-dək Çin, Myanma və İsrail dünyada ən çox jurnalistin həbsdə olduğu ölkələr sayılıb. Onlardan sonra Rusiya və Belarus gəlir.

CPJ ümumilikdə ötən il dünyada işinə görə 330 jurnalistin həbsdə olduğunu bildirir. 2024-cü ildə bu say 384 idi.

Dünyada avtoritarizmin və iğtişaşların artdığı bir vaxtda həbsdəki jurnalist sayı da yüksəldir. Üstəlik, jurnalistlər qəddar, həyati təhlükəli şəraitdə saxlanılır. CPJ ötən il həbsdəki jurnalistlərin üçdə birinin pis rəftarla üzləşdiyini qeyd edir.

Rusiya, Belarus və... Azərbaycan

Avropa və Orta Asiyada 96 jurnalist həbsdədir. Rusiya 27 jurnalistlə birinci yerdədir. Ondan sonra həbsdə 25 jurnalistlə Belarus, daha sonra 24 jurnalistlə Azərbaycan gəlir. 2024-cü ildə Azərbaycanda bu sayın 13 olduğu bildirilir.

Azərbaycan 2018-ci ildən bəri ilk dəfə olaraq ən çox jurnalisti həbs etdirən ölkələr sırasında yer alıb. CPJ qeyd edir ki, bu ölkə xaricdən donor yardımını məhdudlaşdıran qanunlarla müstəqil medianı susdurmaq səylərini gücləndirir. Bu tendensiyanın 2023-cü ildən, Qarabağda birgünlük hərbi əməliyyatdan sonra vüsət aldığı vurğulanır. Rəsmi Bakı həmin əməliyyatla ərazi bütövlüyünü bərpa edib.

Amma elə həmin ilin noyabrından "AbzasMedia" jurnalistlərinin həbsi başlanıb. Sonrakı dövrdə həbs olunan qələm əhli, bir sıra ictimai və siyasi fəallar qaçaqmalçılıq, vergidən yayınma və digər maddələrlə ittiham olunublar. Amma onların hamısı məhz peşəsinə, hökumətdə korrupsiyanı ifşa etdiyinə görə cəzalandırıldığını bildirib. Hakimiyyət ölkədə siyasi motivli təqiblərin olmadığını bildirsə də, yerli və beynəlxalq insan haqları qrupları, Avropa Parlamenti, AŞPA da siyasi məhbusları azad etməyə çağırır.