Azərbaycan XİN-dən İrana cavab

Azərbaycan XİN

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin yerli televiziyaya müsahibəsində şimal qonşusu ilə bağlı söylədikləri fikirlərə münasibət bildirib.

L.Abdullayeva vurğulayıb ki, ölkəsi Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmir: "Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi".

O əlavə edib ki, Azərbaycanın İran ilə sərhədinin 130 km-dən çox hissəsi uzun illər Ermənistanın işğalı altında olub: "Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik".

L.Abdullayevanın vurğulamasına görə, Azərbaycan bütün dövlətlərlə münasibətlərin məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır: "Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır".

Sizin brauzer HTML5-i dəstəkləmir

İran hərbi təlimlər üçün yeni arqumentlər səsləndirir

Xatırlatma

Son aylar Azərbaycan və İran arasında müəyyən narazılıqlar müşahidə edilir. Azərbaycan rəsmiləri bəyan ediblər ki, İrana məxsus yük maşınları onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşıyır. Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota da təqdim edilib. Habelə, Azərbaycan prezidenti İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimləri çox təəccüblü bir məsələ kimi dəyərləndirmişdi: "Çünki 30 illik müstəqillik dövründə belə hadisələr olmamışdı".

Amma İran rəsmiləri də qeyd ediblər ki, öz ərazilərində hərbi təlim keçirmək onların suveren hüququdur. İranın istər Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian, istərsə də başqa rəsmilərinin açıqlamasına görə, üçüncü qüvvələr Azərbaycan-İran münasibətlərinin korlanmasında təhrikedici rol oynayır.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və (İranla sərhəd ərazilər də daxil) ətraf 7 rayona nəzarəti bərpa edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.