Noyabrın 9-da Daşkənddə Azərbaycan prezidenti İlham Əliyevin İran prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub.
Azərtac-ın xəbərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi deyib ki, onlar nəqliyyat və tranzit sahələrində vəziyyətin gündən-günə yaxşılaşdığını müşahidə edirlər. “Əminik ki, rəqiblərimizin istəklərinin əksinə olaraq, münasibətlərimiz gündən-günə yaxşılaşır və əlaqələrimizə mane olmaq istəyən ölkələr öz planlarını həyata keçirə bilmir” - deyə o vurğulayıb.
Prezidenti İlham Əliyev də iki ölkənin yüksəksəviyyəli nümayəndələri arasında çox tez-tez təmasların olmasınından məmnunluq ifadə edib: “Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı.”
O, vurğulayıb ki,onlar məqsədlərinə çatmayacaqlar.
Görüşdə Araz çayı üzərində Ağbənd istiqamətində dəmir yolu və avtomobil yolu körpülərinin tikilməsi, İran ərazisindən dəhlizin çəkilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Noyabrın 9-da Özbəkistan paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı zirvə toplantısı keçirilib. İran və Azərbaycan Prezidentləri də o toplantıda iştirak ediblər.
Yaxın aylara qədər...
Yaxın aylara qədər Azərbaycan və İran arasında müəyyən gərginlik yaşanırdı.
Son illər hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlara səbəb olmuşdu. Hətta bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşının həlak olduğu, iksinin isə xəsarət aldığı açıqlandı. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi. Ardınca da Azərbaycanda bir çox həbslər oldu.
Saxlananlar ən müxtəlif ittihamlarla (ən çox da narkotiklə) üzləşsələr də, hökumətə yaxın media orqanlarında onlar "İran casusu" kimi təqdim edilirdilər. Hərçənd onların yaxınları da bununla dini kəsimdən olan bir çox şəxslərin şərləndiyini dedilər. Amma son aylar hər iki tərəfin rəsmiləri bir-biriləri ilə əməkdaşlığa aid fikirlər səsləndirirlər.