Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycandan Ermənistana Gürcüstan ərazisindən ilk yanacaq tranziti üçün ödəniş almamağı tapşırıb. "Gürcüstan Dəmir Yolu"na sözügedən yükün bir dəfə və tamamilə pulsuz daşınması tapşırılıb. Bu məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayıb.
Bundan öncə Azərbaycan KİV-lərində "Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükünün tarif maneələri səbəbindən gecikməsi" haqda məlumat yayılıb.
Nazirliyin bəyanatında deyilir ki, dekabrın 5-də tərəfdaş ölkələr bu məsələ ilə Gürcüstan hökumətinə müraciət edib.
"Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın strateji və etibarlı tərəfdaşı olaraq qalır. Biz həmişə regionda sülhü və əməkdaşlığı dəstəkləmişik və dəstəkləyirik", – bəyanatda bildirilir.
"Minval Politika" "Gürcüstan sülhə qarşı oynayır: Tbilisi Bakının səbrini sınayır" başlıqlı məqalədə yazırdı ki, Gürcüstan 111 km-lik məsafə üçün tona 92 ABŞ dolları tarif təqdim edib, bu isə hər kilometr üçün tona 0.82 dollar deməkdir.
"Müqayisə üçün: Azərbaycan ərazisində oxşar yüklər 680 km məsafəyə – Yalama stansiyasından Böyük-Kəsik stansiyasına 17 ABŞ dollarına daşınır, yəni hər kilometr üçün tona 0.02 dollar. Bu, Gürcüstanın təklif etdiyi tarifdən 40 dəfə aşağıdır. 40 dəfə fərq bazar göstəricisi deyil, niyyətdir", – məqalədə vurğulanırdı.
Azərbaycan mediası daha öncə yük maşını sürücülərinin üzləşdiyi problemlərdən yazıb. İddia olunurdu ki, gürcü məmurlar sürücülərə "Zəngəzur dəhliziniz hazır olanda Zəngəzurdan keçin" deyiblər.
Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Azərbaycan yüklərinin bloklanması barədə məlumatları təkzib edib. Qurum belə iddiaların həqiqətəuyğun olmadığını, ictimaiyyəti çaşdırdığını vurğulayıb.