Azərbaycan  Gədəbəy  istiqamətində mövqelərinin vurulduğunu deyir

Azərbaycan-Ermənistan sərhəddi

Azərbaycanın Gədəbəy rayonu istiqamətində mövqelərini Ermənistan silahlı qüvvələrinin atəşə tutduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, iyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.Aşıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Son günlər istər Azərbaycan Ermənistan sərhəddindən, istərsə də Qarabağ bölgəsindən atəşkəsin pozulması ilə bağlı xəbərlər yayılır.Tərəflər buna görə, qarşılıqlı sürətdə bir-birlərini günahlandırırlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.