Bu göstəriciyə görə Azərbaycanda həyat səviyyəsi aşağıdır

Sizin brauzer HTML5-i dəstəkləmir

Hər 100 manatın 51-i yeməyə gedir: 'Kasıblıq əlamətidir'

Azərbaycan vətəndaşlarının çəkdiyi xərcin yarıdan çoxu yemək-içməklərinə gedib.

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, avqustun 13-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358.5 milyon manatlıq mal satılıb. Onun 20 milyard 843.9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514.6 milyon manatı isə qeyri-ərzaq mallarıdır.

2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları 1.4, qeyri-ərzaq malları üzrə 6.6 faiz artıb.

Müstəqil iqtisadçılar deyir ki, bu göstəricilərə görə, Azərbaycan həyat səviyyəsi aşağı olan ölkələrlə müqayisə edilə bilər. Onlar vurğulayırlar ki, xərclərin təxminən yarısının ərzağa sərf olunması əhalinin həyat səviyyəsinin aşağı olmasının, kasıb və ya inkişaf etməkdə olan ölkələrə xas göstəricinin əsas əlamətidir

Xərclərdə ən çox artım kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alışındadır. 32.1 faiz artımın olduğu bu sahəyə 548.3 milyon manat xərc çəkilib. Əczaçılıq məhsulları və tibbi ləvazimatlar xərclərində də ciddi artım var (23.8 faiz ). Ümumilikdə isə, bu sahədə xərclər 1 milyard manatı keçib.

Amma rəsmilər ölkədə həyat səviyyəsinin aşağı olması ilə bağlı dəyərləndirmələri qəbul etmirlər. Hərçənd müstəqil iqtisadçılar da buna cavab olaraq vurğulayırlar ki, Azərbaycan maaş və pensiyaların məbləğinə görə nəinki inkişaf etmiş, hətta bir çox region ölkələrindən də geridə qalır. Onlar, üstəlik, əlavə edirlər ki, Azərbaycanda bir çox mal və məhsulların, xüsusilə də dərmanların qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir.