2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 106 milyard 435 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1.3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə noyabrın 14-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
DSK vurğulayır ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2.1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3.1 faiz artıb.
Rəsmilər bu ilin əvvəlində vurğulamışdılar ki, onlar 2025-ci ildə ÜDM-də 3.3 faiz artım proqnozlaşdırırlar.
Müstəqil iqtisadçıların fikrincə, əslində 1 faizlik artım heç artım sayılmamalıdır. Onlar deyir ki, Azərbaycanın daxil olduğu Müstəqil Dövlətlər Birliyində təmsil edilən ölkələrin bir çoxunda iqtisadi artım daha yüksəkdir.
5.9 faiz inflyasiya realdırmı?
DSK bildirir ki, bu ilin 10 ayında ötən ilin analoji dövrü ilə müqayisədə ölkədə inflyasiya 5.9 faiz olub: "O cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8.2 faiz, qeyri-qida məhsulları üzrə 2.5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5.6 faiz təşkil edib".
Müstəqil iqtisadçılar isə bu rəqəmə şübhə ilə yanaşırlar. Onların fikrincə, bu göstərici azı ikirəqəmli olmalıdır.
DSK habelə qeyd edir ki, 2025-ci ilin 10 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615.7 milyon manatlıq, o cümlədən 28 milyard 664.5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.3 faiz, qeyri-ərzaq malları üzrə 6.7 faiz artıb.
Ekspertlərə görə, bir ölkədə ki, xərcin yarıdan çoxu ərzağa gedir, bu, orada güzəranın o qədər də müsbət olmadığının göstəricisidir.