Ermənistanın beynəlxalq internet trafiki Azərbaycan üzərindən tranzit olunacaq. "AzerTelecom" MMC bu gün, iyunun 22-də, "Telecom Armenia" şirkəti ilə bu barədə müqavilə imzaladığını açıqlayıb. Bildirilir ki, bununla da Ermənistanın beynəlxalq internet bağlantısı Azərbaycan üzərindən təmin ediləcək.
Şirkətdən verilən məlumata görə, bu cür razılaşmalar regionda bağlantı marşrutlarının diversifikasiyasına, telekommunikasiya şəbəkələrinin etibarlılığının artırılmasına və bu sahədə əməkdaşlığın inkişafına xidmət edir.
2008-ci ildə yaradılmış "AzerTelecom" MMC Azərbaycanı beynəlxalq internet şəbəkəsinə birləşdirən magistral internet operatorudur.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalara səbəb olmuş, 1990-cı illərin əvvəllərində isə Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.
Keçən il avqustun 8-də 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Paraflanmış mətndə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, həmçinin qarşılıqlı iddialardan imtina olunacağı vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.