Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb?

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan benzin satdı. Bəs Ermənistan Bakıya nə satacaq?

Bu ilin birinci rübündə Azərbaycan Ermənistana 5 milyon 757 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilir.

Hesabata görə, həmin dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib.

Ötən ildən Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsinə başlanılıb. Ermənistandan idxal edilən məhsulun təsnifatı hələlik açıqlanmır.

Dövlət Gömrük Komitəsindən izah

Dövlət Gömrük Komitəsi (DGK) bu məsələ ilə bağlı əlavə izahat yayıb.

APA agentliyinin xəbərinə görə, qurumdan bildirilib ki, bu ilin martında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızılgül idxal edilib.

Əlavə qeyd olunub ki, "Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsi, ətraf yeddi rayon işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən ilin avqustunda Vaşinqtonda ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialardan imtina etdiyi vurğulanır.

Bunun ardınca iki ölkə arasında tranzit və ticari əlaqələrin bərpası istiqamətində addımlar atılmağa başlanıb.

Ermənistandan idxal edilən məhsulun təsnifatı hələlik açıqlanmır.