Avqustun 25-də Laçın şəhərində Azərbaycan və Ermənistan elektrik enerjisinin idxal-ixracı imkanlarını müzakirə edib.
Görüşdə Azərbaycandan Energetika Nazirliyinin, “Azərenerji” ASC-nin, Ermənistandan isə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin, habelə “Elektrik Enerjisi Sisteminin Operatoru” şirkətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Nazirlər Kabinetindən bildiriblər ki, onlar elektrik enerjisinin idxalı və ixracı imkanlarını, eləcə də bu məqsədlə iki ölkənin enerji infrastrukturlarının dövlət sərhədində əlaqələndirilməsinin mümkün variantlarını gözdən keçiriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımalar da bərpa edilib.