Azərbaycan yenə də ərazilərinin vurulduğunu deyir 

Azərbaycan-Ermənistan sərhəddi, 22 iyul 2021

Azərbaycan Müdafiə Nazirliyi avqustun 7-si günün ikinci yarısı yaydığı məlumatda yenə Naxçıvan istiqamətində mövqelərinin atəşə tutulduğunu açıqlayıb.

Məlumata görə, avqustun 7-si saat 14:20-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri onların Naxçıvan Muxtar Respublikasının Sədərək istiqamətində mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur, qarşı tərəfə cavab atəşi açılıb.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

***

Azərbaycan yenə Naxçıvan və Kəlbəzər ərazilərində mövqelərinin vurulduğunu deyir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi avqustun 7-si məlumat yayıb. Bildirilir ki, avqustun 6-sı saat 19:05, 23:30 və 23:50-də Ermənistan silahlı qüvvələri öz mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad, Kəlbəcər rayonunun İstisu, Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub :

" Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "

Ermənistan Azərbaycanı ittiham edir

Bir qədər sonra isə Ermənistanın müdafiə nazirliyi atəşkəsin pozulması ilə bağlı məlumat yayıb. Məlumatda buildirlir ki, Azərbaycan ordusu Sünik vilayəti istiqamətində Ermənistan ordusunun mövqelərini atəşə tutduğunu yazır.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur. Tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddialar səslənir. Atəşkəsin pozulmasına görə onlar bir-birlərini günahlandırırlar. Hətta ölən və yaralananların olduğu da bildirilib.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.