Azərbaycanda əmək hüquqları necə qorunur – maaş fərqi, birləşmə

Sizin brauzer HTML5-i dəstəkləmir

Kuryerlər Bakıda yenidən aksiya keçiriblər (ARXİV. 2022)

Avropa Sosial Hüquqlar Komitəsi (ECSR) 2025-ci il üzrə hesabatını dərc edib. Komitə Avropada əmək hüquqların qorunmasında əsas boşluqların qaldığını bildirir.

İş saatlarından əlavə iş, bəzi işlərdə təhlükəsizlik qaydalarının yetərsizliyi, maaşların ödənməsində gender bərabərsizliyinin qaldığı vurğulanır.

Bu baxımdan narahatlıq doğuran ölkələr sırasında Azərbaycan, Gürcüstan, Danimarka, Estoniya, Almaniya, Türkiyə, Britaniya da var.

Azərbaycanla bağlı hissədə deyilir ki, 2020-ci ildə qadınların orta maaşı kişilərin maaşının 63.3 faizinə bərabər olub, 2021-ci ildə bu göstərici 64.8, 2023-cü ildə 68.8 faizə yüksəlib. Bunlar "Eurostat"ın göstəricilərinə uyğun deyil. Komitə Azərbaycandakı durumun Avropa Sosial Xartiyasının 4-cü maddəsinə – ədalətli ödəniş hüququna uyğun olmadığını qeyd edir.

Eyni xartiyanın 5-ci maddəsi – təşkil olunmaq (sərbəst toplaşmaq və birləşmək) hüququ ilə bağlı eyni durumdur. Komitə bildirir ki, işçilərin birləşmə azadlığının həvəsləndirilməsi və möhkənləndirilməsi yönündə addım atılmayıb; polis və silahlı qüvvələr üzvlərinin təşkil olunma hüququ da təmin olunmur.

Azərbaycan hakimiyyəti ölkədə bütün təməl hüquqların tam qorunduğunu bildirir. Amma hazırda ölkədə işçi hüquqlarını müdafiə edən fəallar həbsdədir. "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov xuliqanlıq, qurumun üzvləri Elvin Mustafayev, Ayxan İsrafilov, Möhyəddin Orucov narkotik ittihamları ilə həbs olunublar. İctimai fəallar ittihamların saxta olduğunu deyir, işçi hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini vurğulayırlar.

Hökumət rəsmiləri isə adətən ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirirlər.