Son 5 ildə Azərbaycanda yaşı 65-dən yuxarı olan insanların sayında artım müşahidə olunur. Bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcə layihəsinə verdiyi rəydə bildirilir.
Rəydə vurğulanır ki, 2020-ci ildən bu ilin əvvəlinədək olan dövrdə ölkədə ümumi əhalinin sayı 2.9 faiz artaraq 10 milyon 262 min 400 nəfərə çatıb.
Həmin müddətdə 0-19 yaş arası əhali 4.6 faiz azalıb, 20-64 yaş arası əhalinin sayı 0.9 faiz, yaşı 65 və daha çox olanların sayı isə 50.4 faiz artıb: "Nəticədə ölkə üzrə 2020–2026-cı illərdə yaşlı əhalinin əməkqabiliyyətli əhaliyə nisbəti 5.6 faiz bəndi yüksəlib. ...2026-cı il yanvarın 1-nə olan məlumata görə, ümumi əhalinin tərkibində 0-19 yaşlıların payı 27.5 faiz, 20-64 yaşlıların payı 61.9 faiz, yaşı 65 və daha çox olanların payı isə 10.6 faiz təşkil edib".
Qurum bildirir ki, 2020-ci illə müqayisədə 2026-cı ilin əvvəlinə ölkə əhalisinin tərkibində 0–19 yaşlıların payı 2.2 faiz bəndi, 20–64 yaşlıların payı isə 1.2 faiz bəndi azalıb. Yaşı 65 və daha çox olanların payı isə, əksinə, 3.4 faiz bəndi artıb.
"Azərbaycanda mövcud demoqrafik problemin həlli gənc nəslin məşğulluq məsələlərinin yoluna qoyulmasından, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından, habelə uşaqlı ailələrə verilən sosial müavinətlərin məbləğinin artırılmasından və çeşidinin zənginləşdirilməsindən keçir", – rəydə əlavə olunur.
Son illər Azərbaycanda doğum səviyyəsinin azaldığı bildirilir.
Əhali yaşlansa da, pensiyaçılar azalıb. Rəyə görə, 2021-ci il yanvarın 1-dən bu il iyulun 1-dək Azərbaycanda əmək pensiyaçılarının sayı 128 min 850 nəfər (10.5 faiz) azalaraq 1 milyon 228 min 829 nəfərdən 1 milyon 99 min 979 nəfərə enib. O cümlədən yaşa görə pensiyaçı sayı 197 nəfər (0.03 faiz), əlilliyə görə 128 min 622 nəfər (34.4 faiz), ailə başçısını itirməyə görə isə 31 nəfər (0.02 faiz) azalıb.
2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, kişilər üçün 63 yaş həddi 2017-ci il yanvarın 1-dən 2021-ci il yanvarın 1-dək mərhələli şəkildə 65-ə qaldırılıb. Qadınlarda isə 60 yaş həddi 2027-ci il yanvarın 1-dək hər il altı ay artırılmaqla 65 yaşa çatdırılacaq.
Amma ən çox azalma əlilliyə görədir. Son illərdə Azərbaycanda əlillik statusunun verilməsi ilə bağlı qanunvericiliyə də dəyişikliklər edilib. Vətəndaşların şikayətlərinə əsasən, bu dəyişikliklər əlillik statusu almaq prosesini xeyli çətinləşdirib. Hətta belə şikayətlərə İkinci Qarabağ müharibəsi iştirakçıları arasında da tez-tez rast gəlinir. Rəsmilər isə bu addımları sahədəki subyektiv amillərin və qanun pozuntularının qarşısını almaq cəhdi kimi qiymətləndirirlər.