Azərbaycan əhalisinin yaşlaşacağı proqnozlaşdırılır

Sizin brauzer HTML5-i dəstəkləmir

İnsanlar özəl pensiya fondlarına etibar edəcəkmi? ''Paşa fondu' yaradılsa…' (ARXİV. 2023)

2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74.6 il olub və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən, 2050-ci ildə bunun 78.6 ilə yüksələcəyi gözlənilir.

Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin oktyabrın 15-də açıqladığı "2026-2029-cu illər üzrə ortamüddətli xərclər çərçivəsi" adlı sənəddə bəhs edilir.

Sənəddə vurğulanır ki, mövcud demoqrafik meyllərə əsasən, 2024-cü ildə əhalinin illik artım tempi cəmi 0.6 faiz olub. Əlavə edilir ki, bu göstəricinin, BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir: "…Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9.1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18.1 faizə çatacağı gözlənilir".

Amma bir çox müstəqil iqtisadçılar Azərbaycanda orta ömür uzunluğunun 74.6 il olmasına şübhə edirlər. Onların iddiasına görə, istər SSRİ, istərsə də müstəqillik dönəmində Azərbaycanda statistikada orta uzun ömür şişirdilir.

Həmin iqtisadçılar son illər ölkədə doğuşun azalmasını isə, əsasən, iqtisadi, sosial amillərlə izah edirlər. Xatırladırlar ki, 2006-cı ildən hökumət ünvanlı sosial yardımın verilməsi ilə bağlı uşaqlara aylıq müavinətləri də dayandırıb. Amma rəsmilər tənqidləri qəbul etmirlər.