Dövlət qulluqçularının sayı azalsa da, maaşları kəskin qaldırılıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Məmurların yeni maaşları əslində nə anlama gəlir

İyunun 23-ü Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Qulluğu Günüdür. Azərbaycanda da bu gün dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Bu il ölkədə minimum əməkhaqqı və pensiyalar artırılmasa da (əmək pensiyalarının indeksləşdirilməsi istisna olmaqla), dövlət qulluqçularına fərqli münasibət göstərilib. Martda dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üzrə 1170 manat, yardımçı vəzifələr üzrə isə 760 manat müəyyənləşdirilib.

Bununla yanaşı, bəzi dövlət qurumlarının rəhbər heyətinin maaşları da artırılıb. Baş nazir, nazirlər, icra başçıları və onların müavinləri də bu sıraya daxildir. Mərkəzi Seçki Komissiyasının sədrinin maaşı 3 min 60 manatdan 12 min manata, üzvlərin maaşı isə 2 min 250 manatdan 9 min manata yüksəldilib.

2026-cı il yanvarın 1-nə olan məlumata görə, ölkədə dövlət qulluqçularının sayı 27.3 min nəfər təşkil edir ki, onların da 31.4 faizi qadınlardır.

Dövlət qulluqçularının təxminən 30 faizi 15 və daha çox ildir ki, bu sahədə çalışır. Staj müddətinə görə bölgü isə belədir: 6.6 faizi 1 ilədək, 23.6 faizi 1 ildən 5 ilədək, 23.6 faizi 5 ildən 10 ilədək, 18.8 faizi 10 ildən 15 ilədək, 27.4 faizi isə 15 il və daha çox iş stajına malikdir.

Dövlət qulluqçularının ümumi sayı ötən illə müqayisədə 100 nəfər azalıb. Bu ilin martındakı əhəmiyyətli maaş artımı nəzərə alınmasa, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki illə müqayisədə 4.5 faiz artaraq 2059 manat olub.