"Son bir neçə il ərzində Azərbaycanda əhalinin artım tempində azalma müşahidə olunmaqdadır. 2015-ci ildə Azərbaycanda 160 mindən yuxarı uşaq doğulduğu halda, 2025-ci ildə bu göstərici 100 minin altında olub". AZƏRTAC-ın xəbərinə görə, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin martın 13-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, 2015-ci ildə 1.5-1.6 milyon şagird təhsil alırdısa, bu temp davam etsə, bir neçə ildən sonra ölkə məktəblərində oxuyanların sayı təxminən 1 milyon olacaq. Onun sözlərinə görə, bu isə 50 minə yaxın müəllimin ixtisarı risklərini yaradır.
Ə.Əhmədovun vurğulamasına görə, bir neçə onillikdən sonra, yəqin ki, pensiyaçılar ilə işləyən əhali arasında nisbətdə ciddi dəyişikliklər baş verəcək. Onun fikrincə, bu da həm iqtisadiyyata, həm də sosial siyasətə ciddi təsir göstərə bilər.
"Güman edirəm ki, 2026-cı ildə və ondan sonrakı illərdə hökumətimizin demoqrafik məsələlərə diqqəti artırılacaq", - Ə.Əhmədov əlavə edib.
Xatırlatma
Son illər Azərbaycanda əhalinin artım tempinin azalması cəmiyyətdə geniş müzakirə edilən məsələlərdəndir. Bir sıra müstəqil ekspertlər bunu ailələrin maddi təminatı ilə də izah edirlər. Onlar hesab edir ki, Azərbaycanda aylıq uşaqpulunun verilməsi bərpa olunmalıdır.
2006-cı il yanvarın 1-dən ünvanlı sosial yardımların verilməsi ilə bağlı Azərbaycanda uşaqlara aylıq müavinətlər dayandırılıb.
Üstəlik, son illər Azərbaycanda həm bir sıra məktəblərin bağlanması, həm də sertifikatlaşdırma imtahanları nəticəsində müəllimlərin sayında azalma olduğu deyilir. Lakin onların dəqiq sayı açıqlanmır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda doğum sayı niyə ildən-ilə azalır?