COP29 2024-cü ildə Azərbaycanda keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il Azərbaycanda keçiriləcək.

AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı qərar COP28-in dekabrın 11–də keçirilən plenar iclasında verilib.

COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşüb. Sözügedən qrupa daxil olan Azərbaycanda ev sahibliyi üçün namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstanın da namizədliklərini verdikləri bildirilirdi.

Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatında rəsmi Yeravanın Bakının xeyrinə öz namizədliyini geri çəkdiyi açıqlanmışdı. Bundan sonra Bolqarıstanın da namizədliyini geri götürdüyü bildirildi.

Yekun olaraq dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Buna da bax: Bakının BMT iqlim konfransına ev sahibliyi niyə geosiyasi məsələyə çevrilib? - Qərb mediası

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində keçirilib.

Yeri gəlmişkən Azərbaycan 1990-cı illə ( müstəqillik əldə etməsindən bir il öncə ilə ) müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaltmağı hədəflədiyini açıqlayıb.