Azərbaycan İnvestisiya Holdinqi və Çinin İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması imkanları nəzərdən keçirilib.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında paylaşım edib.
"İpək Yolu Fondunun baş icraçı direktorunun müavini, İnvestisiya Komitəsinin üzvü Si Sinbo ilə görüşdə Azərbaycanla Çinin iqtisadi əlaqələrinin şaxələndirilməsi istiqamətində təşəbbüsləri müzakirə etdik. Azərbaycan İnvestisiya Holdinqi və İpək Yolu Fondu arasında birgə investisiya fondunun yaradılması, potensial investisiya layihələrinin həyata keçirilməsi və maliyyələşmə mexanizmlərinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik", - paylaşımda qeyd edilib.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, 2025-ci ildə Azərbaycanın Çinə birbaşa investisiyalarının həcmi 9 milyard 957 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə 7.2 milyon dollar çoxdur.
Çin isə, öz növbəsində, 2025-ci il ərzində Azərbaycan iqtisadiyyatına 26 milyard 895 milyon dollar sərmayə qoyub. Bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 9.3 milyon dollar çoxdur.
2024-cü il ərzində Çindən Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 17,6 milyon dollar, əks istiqamətdə isə 2,8 milyon dollara bərabər olub.
Dövlət Gömrük Komitəsinin (DSK) məlumatına görə, son bir ildə iki ölkə arasında ticarət əlaqələri də artıb.
Xatırlatma
Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə edilir. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il isə "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.
Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, Azərbaycan Çinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla əməkdaşlığı da gücləndirib.
Amma Azərbaycan müxalifəti hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri inkişaf etdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.
Üstəlik, onlar hesab edirlər ki, Çinlə yaxınlaşma ABŞ ilə güclənən əməkdaşlığa xələl gətirə bilər.