Azərbaycandakı avtobusların 87 faizinin yaşı 10 ildən, 61 faizinin yaşı isə 20 ildən yuxarıdır. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilir.
DSK-nın məlumatına görə, 2025-ci ildə ölkədəki avtobusların ümumi sayı 33 min 186 ədədə çatıb. Bu göstərici 2024-cü ildə 32 min 107 ədəd təşkil edirdi.
Artıma baxmayaraq, avtobus parkında köhnə nəqliyyat vasitələrinin payı yüksək olaraq qalır. 2025-ci ilin sonuna olan məlumata görə, istismar müddəti 10–20 il olan avtobusların sayı 8 min 776, yaşı 20 ildən yuxarı olanların sayı isə 20 min 274 ədəd təşkil edib. Nəticədə ölkənin avtobus parkındakı nəqliyyat vasitələrinin 87.5 faizinin yaşı 10-u, 61 faizindən çoxunun yaşı isə 20-ni keçib.
Xatırlatma
Son illər Azərbaycanda, xüsusilə paytaxt Bakıda vətəndaşlar həm tıxaclardan, həm də sərnişin avtobuslarının durumundan şikayətlənirlər. Xüsusilə isti havada bəzi avtobuslarda kondisionerin olmamasından gileylər eşidilir. Rəsmi açıqlamalara görə isə, son illər paytaxtın bir sıra marşrut xətlərinə müasir avtobuslar cəlb edilib. Bu müasir avtobuslarda gediş haqqı digərlərindən 10 qəpik bahadır.