İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşüb

Alen Berse və İlham Əliyev

Sentyabrın 23-də prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb.

Rəsmi AZƏRTAC agentliyinin məlumatına görə, görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Amma rəsmi agentlik qeyd edilən əməkdaşlığa aid müzakirələrin detallarını açıqlamayıb.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququ bir ildən çoxdur (ötən ilin əvvəlində) dondurulub. Buna səbəb kimi, əsasən, Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı, üstəlik, həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin vaxt Azərbaycan hakimiyyəti qurum qarşısında insan hüquqları və daha bir çox məsələlərlə bağlı öhdəlik götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.

BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da öz işinə başlayıb.

Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Yüksəksəviyyəli debatlar dünən, sentyabrın 23-ü başlayıb.