Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icrası ilə bağlı əməkdaşlıq etmir

Avropa Məhkəməsi

Azərbaycan 2025-ci ildə Avropa Şurası İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrası ilə bağlı əməkdaşlığı dayandırıb, Avropa Şurası Nazirlər Komitəsinə informasiya vermir. Bunu komitə martın 26-da yaydığı illik hesabatında bildirir.

Hesabatda deyilir ki, Azərbaycan komitəyə sonuncu dəfə 2025-ci il martın 18-də məlumat verib.

"O vaxtdan bəri hökmlərin icrası ilə bağlı komitə ilə iş aparılmır, bu isə nəzarət mexanizmini xeyli çətinləşdirir. Hazırda icrasını gözləyən (397) işlərin 10 faizi Azərbaycana qarşıdır. 2025-ci ilin dekabrında 169 iş üzrə kompensasiyanın ödənməsi ilə bağlı informasiya yox idi", – hesabatda vurğulanır.

Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini yüksək səviyyədə dialoqu yeniləməyə çağırdığını bildirir.

2025-ci ildə komitə AİHM-dən Azərbaycana qarşı 75 iş üzrə nəzarət ilə bağlı müraciət alıb.

AİHM-nin 2025-ci ildə çıxardığı hökmlər sırasında şəxsi həyatın gizliliyi hüququnun pozulması, ifadə azadlığına müdaxilə, həbs-qətimkan tədbiri üçün yetərli əsasların olmaması yer alıb.

Azərbaycan prezidenti İlham Əliyev ötən ilin aprelində deyirdi ki, AİHM-nin qərarlarını tanımaya bilər. O bunu Azərbaycanın bu məhkəmənin hakimlərinin seçilməsində iştirak etməməsi ilə izah edirdi. Azərbaycan artıq iki ildir AŞPA ilə əməkdaşlığı dayandırıb. Buna qurumun Bakının Avropa Şurasının öhdəliklərinə əməl etmədiyini əsas gətirərək nümayəndə heyətinin mandatını təsdiqləməməsi səbəb olub.

Əliyev yanvarda "Euronews" televiziyasına müsahibəsində deyib ki, AŞPA, Avropa Parlamenti ilə əməkdaşlıq uzun illərdir dayandırılıb: "Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".

Rəsmi Bakı ölkədə təməl insan haqlarının pozulması ilə bağlı beynəlxalq qurumların, insan haqları təşkilatlarının tənqidlərini qəbul etmir, onları qərəzli mövqe tutmaqda suçlayır. İnsan haqları müdafiəçiləri isə ölkədə 340 civarında siyasi məhbus olduğunu deyirlər.