Avropa İttifaqının yeni səfiri Azərbaycana gəlib

Azərbaycan/Aİ

Bu gün, sentyabrın 2-də Avropa İttifaqının (Aİ) yeni səfiri Mariyana Kuyunciç Azərbaycana gəlib.

Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.

Səfir Kuyunciç Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsinin (PSC) nümayəndəsi kimi fəaliyyət göstərib. O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin ondan əvvəlki rəhbəri Peter Mixalko olub. O, ötən ay bu ölkədəki dördillik diplomatik xidmətini başa vurub.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Şərq Tərəfdaşlığı Aİ-nin altı qonşu ölkəsini əhatə edirdi. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil idi. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalamışdı. Onlardan Moldova və Ukraynaya namizəd statusu da verilib. Gürcüstanla da oxşar yaxınlaşma baş versə də, sonradan bu ölkənin qanunvericiliyinə edilən dəyişikliklər üzündən həmin proses dayanıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında isə tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Belarusla əməkdaşlıq danışıqları isə əvvəldən dayandırılmışdı.

Azərbaycanın bir sıra müxalif qüvvələri hökuməti Aİ ilə danışıqları uzatmaqda günahlandırır.