'Bəhanəyə çevirməyin' – AŞPA Azərbaycanı öhdəliklərini yerinə yetirməyə çağırır

AŞPA

Avropa Şurası Parlament Assambleyası (AŞPA) iyunun 24-də Strasburqdakı plenar sessiyasında qəbul etdiyi qətnamə ilə Azərbaycanda tənqidi səslərin susdurulmasından narahatlığını bildirib.

Sənəddə vurğulanır ki, ölkədə məhdudlaşdırıcı qanunlar müstəqil jurnalistikanın, real siyasi müxalifətin, vətəndaş cəmiyyəti institutlarının və ifadə azadlığının sıxışdırılması ilə nəticələnib.

Qətnamədə hüquq müdafiəçisi, 2014-cü il Vatslav Havel mükafatı laureatı Anar Məmmədlinin həbsi pislənilir. Hazırda həbsdə və ya ev dustaqlığında saxlanılan müstəqil jurnalistlərə, bloqerlərə, müxalifətçilərə və hüquq müdafiəçilərinə qarşı repressiyalar kəskin tənqid olunur.

Sənəddə 2026-cı ilin mayına olan məlumata görə, siyasi məhbusların sayının kəskin artaraq 328 nəfərə çatdığı vurğulanır. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı icra olunmamış qərarlarının çoxluğundan ciddi narahatlıq ifadə olunur

Belçikalı deputat Kristof Lakruanın hesabatı əsasında hazırlanan qətnamədə AŞPA Azərbaycanı Avropa Şurasının Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam yerinə yetirməyə çağırır.

Qətnamədə avropalı deputatların Bakıdan gözləntiləri də öz əksini tapıb: jurnalist fəaliyyətinə, korrupsiya araşdırmalarına, demokratik mövqeyinə və ya hüquq müdafiəsi fəaliyyətinə görə təqib edilən şəxslərə qarşı təzyiqlərə son qoyulmalı, tutulanlar dərhal buraxılmalıdır. Eyni zamanda, AŞPA-nın 1900 saylı qətnaməsindəki meyarlara görə siyasi məhbus sayılan şəxslərin də azad edilməsi istənilir.

Qurum rəsmiləri hesab edir ki, Azərbaycan hakimiyyəti Assambleyaya parlament nümayəndə heyəti göndərməməyi öhdəliklərindən yayınmaq üçün bir bəhanəyə çevirməməlidir.

Qətnamənin sonunda AŞPA Milli Məclisi mövcud problemlərin həlli istiqamətində Assambleya ilə dialoqu bərpa etməyə səsləyir. Vurğulanır ki, "Avropa Şurasının bütün strukturları ilə effektiv əməkdaşlıq etmək və bu tərəfdaşlıqdan tam faydalanmaq elə Azərbaycanın öz maraqlarına uyğundur".

Xatırlatma

Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildə dondurulub. Rəsmi əsas kimi Bakının qurum qarşısında insan hüquqları sahəsində öhdəliklərini tam yerinə yetirməməsi göstərilib.

Buna cavab olaraq Azərbaycan hakimiyyəti AŞPA ilə əməkdaşlığı dayandırdığını elan edib. Bundan əlavə, həmin qərarın lehinə səs verən deputatlar Bakı tərəfindən "qara siyahı"ya salınıb və onların ölkəyə girişinə məhdudiyyət qoyulub.

Bununla belə, rəsmi Bakı dəfələrlə vurğulayıb ki, əgər nümayəndə heyətinin mandatı bərpa olunarsa, təşkilatla əməkdaşlığı davam etdirməyə hazırdır.