Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci Forumu keçirilir.
AZƏRTAC-ın xəbərinə görə, "Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu" adlı forumda "Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri", "Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi", "Enerji təhlükəsizliyi və bağlantılar" mövzularında sessiyalar təşkil ediləcək.
Bu il avqustun 8-də Vaşinqtonda dövlət başçıları İlham Əliyev və Donald Tramp Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupun yaradılması haqqında Azərbaycan Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzalayıblar.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Son illər Azərbaycan və Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər, nəhayət, ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp yolu" (TRIPP) üzrə razılaşma əldə olunub. Bu yol ABŞ şirkətinin nəzarətinə verilməlidir.
Xatırlatma
Rəsmi Bakının ötən ilə qədər Qərb ölkələri, xüsusilə də ABŞ-la münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Hətta iki il əvvəl Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunmuşdu. Düzdür, ABŞ-ın yeni təyin olunmuş səfiri Mark Libbinin Bakıya gəlişi münasibətlərdə müəyyən yaxınlaşmaya səbəb olsa da, iki ölkə arasında münasibətlərin tam düzəldiyi müşahidə edilmirdi. Rəsmi Vaşinqtonun jurnalist həbsləri, azadlıqların boğulmasına aid çağırışları Azərbaycan hökumətində onların daxili işlərinə qarsımaq kimi reaksiyalar doğururdu. Amma ABŞ-də Trampın yenidən prezident seçilməsi iki ölkə arşında münasibətlərdə gərginlikləri aradan qaldırıb.