Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı haqqında 12 illik həbs hökmü qüvvədə saxlanılıb. Politoloqun vəkillərinin hökmdən verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Mayın 25-də Bakı Apellyasiya Məhkəməsində bu qərar elan olunmamışdan öncə A.Qasımlı özü də, vəkilləri də deyib ki, heç bir cinayət törətmədiyi halda, il yarımdır saxta ittihamla həbsdədir.
“Mənim işimdə hüquq rol oynamır. Burada iki faktor var: cəsarət və vicdan. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri yaxşı bilirdi ki, mənimlə bağlı cinayət işində nə sübut var, nə şahid var. Buna baxmayaraq, azadlığımı təmin etmədilər. Apellyasiya məhkəməsinin qərarı da göstərəcək ki, buradakı hakimlərin vicdanı və cəsarəti hara qədərdir”, - A.Qasımlı çıxışında belə deyib.
Vəkillər A.Qasımlının hökmündən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılmasını istəyirdilər. Bu barədə vəsatət də qaldırmışdılar. Müdafiəçilərin əsas istəklərindən biri zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevanın məhkəmədə dindirilməsi idi.
Q.Yusibov iddia edir ki, A.Qasımlı onu azyaşlı oğlunu oğurlamaqla təhdid edərək, ondan pul tələb edib. Vəkillər də bildirirlər ki, F.Niftəliyeva gəlib məhkəmədə sualları cavablandırmaqla, belə bir hadisənin baş verib-vermədiyinə aydınlıq gətirə bilər.
Hələ Bakı Ağır Cinayətlər Məhkəməsində F.Niftəliyevanın çağrılıb dindirilməsi məsələsi qaldırılanda, hakimlər vəsatəti təmin etmişdi. Onun gəlib ifadə verməsi barədə qərar qəbul olunsa da, son nəticədə dindirilmədi.
Apellyasiya məhkəməsində vəkillər bir neçə dəfə bu məsələni qaldırıblar. Lakin Zəfər Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası hər dəfə bu vəsatəti rədd edib. Ümumiyyətlə, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına qərar verilib.
Vəkillər də bundan narazı qalıb.
“Hər şey göz önündədir. Uzun danışıb Azər Qasımlını yormaq istəmirəm. Bircə onu demək istəyirəm ki, Azər Qasımlı heç bir cinayət törətməyib və təqsirsizdir. Bu səbəbdən onun haqqında hökmün ləğv olunmasını və bəraət verilməsini xahiş edirəm”, - vəkil Rövşanə Rəhimova mayın 25-də müdafiə çıxışında deyib.
Digər vəkil Aqil Layıc isə bildirib ki, olmayan cinayət əməlindən nəsə danışmaq mümkün deyil. Müdafiəçi hakimləri ədalətli qərar verməyə səsləyib:
“Bu məhkəmədə elə qərar çıxarılsın ki, sonradan heç kimi hissləri sorğulamasın”.
Prokuror isə çıxışında iddia edib ki, A.Qasımlı haqqında hökm əsaslı və ədalətlidir, onu dəyişməyə ehtiyac yoxdur. Dövlət ittihamçısı yada salıb ki, hələ 2024-cü ilin avqustunda Q.Yusibov A.Qasımlıdan polisə şikayət etmişdi. Bu şikayət Mingəçevir Şəhər Polis Şöbəsində araşdırılmış, lakin onun dediklərilə bağlı sübut-dəlil olmadığına görə iş bağlanmışdı.
Bu yerdə A.Qasımlı replika verib: “Siz özünüz də etiraf edirsiniz ki, sübut-dəlil olmadığına görə iş bağlanıb...”
Çıxışlardan sonra müşavirəyə gedən hakimlər az sonra geri qayıdaraq, A.Qasımlı haqqında 12 illik həbs hökmünün qüvvədə saxlandığını elan edib.
Xatırlatma
51 yaşlı Azər Qasımlı 2024-cü ilin dekabrından həbsdədir. Qurbanəli Yusibovun şikayəti əsasında həbs olunan politoloq haqqında bu ilin martında Bakı Ağır Cinayət Məhkəməsində 12 illik həbs hökmü çıxarılıb. O, Cinayət Məcəlləsinin 182.3.2 (külli miqdarda gəlir əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) maddəsilə ittiham olunur.
A.Qasımlı ittihamı qəbul etmir, siyasi sifariş əsasında həbs olunduğunu bildirir. O vurğulayır ki, bu işdə yeganə zərərçəkmiş özüdür.
A.Qasımlı ilə Q.Yusibov arasında bir neçə il öncə “Binance” kriptovalyuta portalına pul yatırılması məsələsi ilə əlaqədar narazılıq yaranıb. Yusibov onun verdiyi məbləği “Binance” portalındakı hesabına tam yatırmayıb. Nəticədə 20 min dollar ziyana düşdüyünü deyən A.Qasımlı pulunu istəyib. Sonradan bu məsələ mülki qaydada məhkəmə müstəvisinə çıxıb.
Mingəçevir şəhər Məhkəməsi Q.Yusibovun 20 min dolları Qasımlıya ödəməsinə qərar verib. Həmin məhkəmədə Yusibov borclu olduğunu etiraf edib.
Sonradan Şəki Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Qərar belə əsaslandırılıb ki, bu məsələyə kommersiya məhkəməsində baxılmalı idi.
A.Qasımlı həbsdə olduğu dövrdə kommersiya məhkəməsində bu işə baxılıb və politoloqun əleyhinə qərar verilib.