Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Türkiyəyə gedib.
AZƏRTAC-ın xəbərinə görə, o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitinə qatılacaq. Sammit noyabrın 11-12-də baş tutacaq.
Halbuki Əliyev ötən ay – 2026-cı il oktyabrın 29-30-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşünə getməmişdi. Bir çox siyasi təhlilçilər həmin vaxt bu addımı son aylarda iki ölkə arasındakı münasibətlərin bir qədər soyuması ilə əlaqələndirirdilər. Doğrudan da, son vaxtlar Bakı və Ankara arasında həm rəsmi, həm də qeyri-rəsmi səviyyədə fikir ayrılıqlarının, tənqidlərin və hətta qarşılıqlı ittihamların artdığı hiss olunurdu.
Xüsusilə, sentyabrda BMT Baş Assambleyasının sessiyasında İsrailin baş naziri çıxış edərkən, bir çox ölkə nümayəndəsindən fərqli olaraq, Azərbaycan təmsilçilərinin zalı tərk etməməsi və Azərbaycan məktəblərində vahid geyim forması ilə bağlı dəyişikliklər tərəflər arasında narazılıqlara yol açmışdı. Türkiyədəki bəzi dairələr Azərbaycanı İsraillə əməkdaşlıqda və şagirdlərin məktəbə hicabla daxil olmasına maneə yaratmaqda günahlandırırdı.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Əliyev artıq Ərdoğanı rəqib kimi görür' — Qardaşlıqdan rəqabətə?
Hətta Türkiyə prezidentinin baş müşaviri Oktay Saral "X" sosial şəbəkəsindəki paylaşımında təhsil hüququnun ideoloji müdaxilələrə qurban verilməməli olduğunu yazmışdı. Prezident Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) isə ona sərt cavab vermişdi: "Baş örtüyü kimi həssas mövzulardan siyasi manipulyasiya və bölücülük aləti kimi istifadə olunması nə Türkiyə xalqının birliyinə, nə də müsəlman dünyasının həmrəyliyinə xidmət edir".
Ardınca O.Saral istefa versə və rəsmi Ankaradan Bakıya yönəlik müsbət mesajlar gəlsə də, Azərbaycanı TDT toplantısında xarici işlər naziri təmsil etmişdi.
Bütün bunlara baxmayaraq, Türkiyə prezidentinin 44 günlük Qarabağ müharibəsinin ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycana gəlməsi münasibətlərdə yenidən müsbət ab-hava yaratdı.
Səfər çərçivəsində İ.Əliyev "heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın" dedi. Ərdoğan isə Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin zamanın sınağından keçdiyini vurğuladı.