Samir Rzayev AZAL-ın prezidenti təyin edilib

Samir Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti təyin edilib.

Bu barədə prezident İlham Əliyev fevralın 22-də sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev bu qurumun birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

Ötən ilin sentyabrında Cahangir Əsgərov AZAL prezidenti vəzifəsindən azad edilmişdi.

Elə bu vəzifənin icrası müvəqqəti olaraq Samir Rzayevə həvalə edilmişdi.

Cahangir Əsgərov isə həmin vəzifəni 2008-ci il mayın 1-dən tuturdu.

Sizin brauzer HTML5-i dəstəkləmir

Təyyarə biletlərini ucuzlaşmağa kim qoymur? AZAL-ın bitməyən monopoliyası

Samir Rzayev kimdir?

Samir Musa oğlu Rzayev Azərbaycan Dövlət İqtisad Universitetində oxuyub və magistr dərəcəsini Böyük Britaniyanın Durham Universitetində davam etdib.

O, 2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri, daha sonra isə “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-nin “Bravo” supermarketlər şəbəkəsində satış müdiri vəzifəsində işləyib.

2022-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib.