Rusiya AZAL təyyarəsinin vurulmasına görə kompensasiyanı hələ də ödəməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan Rusiyanın AZAL açıqlamasını rədd etdi: 'Rusiya təzminat verməli olacaq'

Bakı ötən ilin dekabrında AZAL təyyarəsinin vurulması üzrə təhqiqatın bitməsini gözləyir və kompensasiyaların tezliklə ödəniləcəyinə ümid edir. Bunu Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev lenta.ru saytına müsahibəsində deyib.

"Ümid edirik, maliyyə kompensasiyalarının ödənməsi və faciəyə görə günahkarların məsuliyyətə cəlbi ilə bağlı bütün məsələlər qısa zaman ərzində, ölkələrimizi bağlayan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqəsi ruhunda həllini tapacaq. Oktyabrın 9-da Düşənbədə verilən bəyanatlar və əldə olunan razılaşmalar bu yöndə vacib addımdır", – səfir vurğulayıb.

R.Mustafayev hazırda ikitərəfli əlaqələrdə fundamental məsələnin dekabr faciəsi ilə bağlı bütün məsələlərin "tezliklə və ədalətlə" tənzimlənməsindən ibarət olduğunu bildirib.

AZAL təyyarəsinin qəzasından 1 il ötür

Bu gün, dekabrın 25-də "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin Bakı-Qroznı aviareysini yerinə yetirərkən Qazaxıstan ərazisində qəzaya düşməsindən 1 il ötür.

Qəzada 38 nəfər həlak olub. 29 nəfərin həyatı isə xilas edilib.

Azərbaycan rəsmiləri baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar. Onlar hesab edirlər ki, təyyarəyə Rusiya ərazisində müdaxilə olub və o, Qazaxıstana doğru istiqamət alıb.

Bakı Rusiyadan qəzaya görə məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edib.

Bu məsələ iki ölkə arasında müəyyən dövr gərginliklə də müşahidə edilib. Kreml rəhbərliyi hadisə ilə bağlı əvvəlcə üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirməyib. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin Düşənbədə görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.

Lakin bu vədin verilməsindən də aylar keçsə də, Azərbaycanın gözləntilərinin yerinə yetirilməsi ilə bağlı hər hansı yenilik açıqlanmayıb. Hərçənd elə bir gün əvvəl iki ölkə prezidenti telefonla danışsalar da, (prezident İlham Əliyevin doğum günü münasibəti ilə) bu məsələ ilə bağlı hər hansı açıqlama yayılmayıb.

Qəza Qazaxıstan ərazisində baş verdiyindən araşdırmanı da bu ölkə aparır. Qərb mətbuatının yazdıqlarına görə, ABŞ və bir çox ölkələr araşdırmada iştiraka hazır olduqlarını bildirsələr də, təmin edilməyib.

Qazaxıstan isə hələlik ilkin hesabatı açıqlayıb.

İlkin hesabat

Təqribən 11 ay əvvəl, fevralın 4-də Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında AZAL-ın "Embraer-190" təyyarəsinin qəzaya uğramasının səbəblərinə dair ilkin hesabatı dərc etdi. Hesabatda qeyd edilirdi ki, təyyarə yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.

Hesabatda qəzanın səbəbi kimi əvvəllər dilə gətirilən "quş sürüsü ilə toqquşma" və "oksigen balonun partlaması" kimi versiyalar da təsdiqini tapmayıb.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ilkin hesabatın açıqlanmasından dərhal sonra bəyan etməsinə görə, artıq təsdiqlənir ki, "hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib".

Yekun hesabatın isə nə vaxt açıqlanacağı bəlli deyil.

Hələlik isə "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının qərarı ilə həmin təyyarədə olub xəsarət alanların hər birinə 20 min manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcəyi açıqlanıb.