AZAL gücləndirilmiş iş rejiminə keçib

Bakı aeroportu

-

«Azərbaycan Hava Yolları» gücləndirilmiş iş rejiminə keçib.

Bu haqda QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski AzadlıqRadiosuna məlumat verib.

«İyunun 29-na keçən gecədən AZAL-ın bütün qurumları, bütün aeroportlar gücləndirilmiş iş rejiminə keçib. Bu, təhlükəsizliklə bağlı atılan addımdır», - Kəsəmənski söyləyib.

O, iyunun 29-da Türkiyə istiqamətində reyslərin bərpa olunduğunu da bildirib. «Bu səhər yerli vaxtla saat 8:45-də cədvələ uyğun olaraq biz İstanbul reysini yola salmışıq. O, artıq enib. Saat 13.20-də isə İstanbuldan Bakıya təyyarə gəlməlidir».

Paşa Kəsəmənski iyunun 28-də İstanbulda Atatürk Hava Limanındakı terrordan sonra Azərbaycandan Türkiyəyə səfərini təxirə salanlarla bağlı onda konkret rəqəm olmadığını deyir.

Dünən axşam İstanbul Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadzenin özünü partlatdığı bildirilir. Nəticədə 36 nəfərin öldüyü, 147 nəfərin isə yaralandığı qeyd edilir.