AzadlıqRadiosu Ukrayna xidmətinin Krım.Realii redaksiyasının çəkiliş qrupu yanvarın 17-də Ukraynanın Zaporojye vilayətinin Rabotino rayonunda atəş altına düşüb və bu zaman jurnalist Dmitro Yevçin yaralanıb.
Yevçinin ayağından qəlpə yarası aldığı xəbər verilir. Ukrayna hərbçiləri operator Nikita İsayko ilə birlikdə yaralıya ilk tibbi yardım göstəriblər. Jurnalist əvvəlcə qonşu kənddəki tibb məntəqəsinə, daha sonra isə Zaporojye şəhərindəki xəstəxanaya təxliyə edilib.
Burada onu cərrahiyyə əməliyyatı ediblər. Həkimlərin sözlərinə görə əməliyyat uğurlu olub, amma Yevçin hələlik reanimasiyada qalmalı olacaq.
Ukrayna silahlı qüvvələrinin 10-cu ordu korpusunun mətbuat xidmətindən deyiblər ki, “Rusiya ordusu zirehli jiletində aydın şəkildə PRESS yazılmış şəxsi yaralayıb”.
Bu işarə onu gəzdirənin humanitar hüququn himayəsində olduğunu əks etdirir.
Dmitro Yevçin Krım.Realii layihəsində 2018-ci ildən işləyir. O Rusiya tərəfindən işğal edilmiş Krımda insanların həyatından bəhs edən kəskin süjetli proqramların müəllifi və teleaparıcısı olub.
Yevçin 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan sonra operator Nikita İsayko ilə birlikdə cəbhə xəttindən reportajlar hazırlayır.