Zelenski AzadlıqRadiosunun jurnalistinə 'İgidliyə görə' ordeni verib

Maryan Kuşnir

Ukrayna prezidenti Volodimir Zelenski döyüşçü Vladislav Rojkovski və AzadlıqRadiosunun hərbi reportyoru Maryan Kuşniri "İgidliyə görə" ordeni ilə təltif edib.

"Omar" ləqəbli Rojkovski 93-cü ayrıca mexanikləşdirilmiş briqadanın "Xolodnı Yar" bölməsinin serjantıdır. O, ötən həftə Xarkov vilayətində sərnişin qatarına Rusiya dron zərbəsi zamanı insanları xilas edib. "Vladislav qatardakı 200-dən çox sərnişindən biri idi. Atəşdən dərhal sonra o, insanların təxliyəsinə kömək etməyə və ehtiyacı olanlara tibbi yardım göstərməyə başlayıb", – Zelenski X platformasında yazıb.

"AzadlıqRadiosunun hərbi reportyoru Kuşnir Kiyev vilayətində Rusiyanın dron hücumundan alova bürünmüş mənzildən dördyaşlı uşağı xilas edib", – prezident qeyd edib.

Kiyevdəki yaşayış binasına dron zərbəsi

AzadlıqRadiosunun jurnalisti Kiyevdə uşağı necə xilas etməyindən danışır

AzadlıqRadiosunun Ukrayna xidmətinin hərbi müxbiri Maryan Kuşnir Ukraynanın Kiyev vilayətində çoxmərtəbəli yaşayış binasına Rusiyanın zərbəsindən dördyaşlı qızı xilas edib. Hadisə Buça rayonunda yerləşən Beloqorodka kəndində baş verib.

Qızcığazın anası və onunla birlikdə yaşadığı partnyoru həlak olub. Uşağı atası və böyük qardaşı aparıb.

"Evdə idim, partlayış səsi eşitdim. Dron evimizin damına, ikimərtəbəli evin yuxarı mərtəbəsinə çırpıldı. Yanğın başladığını gördüm, redaksiyanın bel çantasını götürüb yuxarı qaçdım, partlayış yerini axtarmağa başladım. Zərbə dəyən yerdə qapı aralı qalmışdı. Qapını açdım, divanın üstündə yorğana bürünmüş uşaq ağlayırdı, anasını çağırırdı. Yuxarıdakı alovun yayıldığını görürdüm. Anladım ki, valideynlər, yəqin, ikinci mərtəbədə yatırlar. Uşağı tez divandan götürdüm, mənzildən çıxardım, qonşulardan birinə verdim, yenidən içəri qaçdım, düşündüm, bəlkə, kimsə sağdır. Amma alov çox sürətlə yayılmışdı", –Kuşnir deyib. Onun sözlərinə görə, mənzildə yaşayanlar böyük ehtimalla dağıntılar altında qalaraq həlak olublar.

"10 illik müharibə ərzində heç vaxt belə hisslər keçirməmişdim, qucağımda dördyaşlı ağlayan bir uşaq tutmuşdum, anasının öldüyünü bilirdim", – jurnalist söyləyib.

M.Kuşnir 2015-ci ildən AzadlıqRadiosunda çalışır, Rusiyanın Ukraynaya qarşı müharibəsini işıqlandırır. 2022-ci ilin martında o, Kiyev vilayətində Rusiyanın hücumunun dəf olunmasını çəkəndə kontuziya alıb.

Kuşnir 2022 və 2024-cü illərdə "Peşə şərəfi" jurnalistika mükafatının laureatı olub. Onun "Kiyev vilayətində döyüş: Ukrayna hərbçiləri əks-hücuma keçdi" adlı materialı "Rezonans doğuran hadisənin ən yaxşı işıqlandırılması" nominasiyasında qalib gəlib.

2023-cü ildə "Bucha Journalism Conference" Kuşniri prinsiplərə sadiqliyinə, jurnalistika peşəsinin dəyərlərinə və Rusiya-Ukrayna müharibəsi zamanı "müstəsna" cəsarətə görə xüsusi mükafatla təltif edib.