Ayxan İsrafilov da azadlığa çıxıb

Ayxan İsrafilov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilov üçillik həbs cəzasını başa vuraraq azadlığa çıxıb.

A.İsrafilov 2023-cü ilin avqustunda saxlanmışdı. O, Cinayət Məcəlləsinin (CM) 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə 2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ittihamı rədd edirdi.

Bir həftə öncə - avqustun 4-də təşkilatın digər üzvü, işçi hüquqları fəalı Elvin Mustafayev də 3 illik həbs cəzasını başa vuraraq azadlığa buraxılıb. O da özünə qarşı irəli sürülən narkotik ittihamını qurama hesab sayırdı.

"İşçi Masası" 2022-ci ildə işçi hüquqlarının müdafiəsi məqsədilə yaradılmış müstəqil təşkilatdır. Təşkilat, əsasən, kuryerlərin və digər xidmət sektoru işçilərinin hüquqlarının müdafiəsi ilə məşğul olub. Onun bir neçə üzvü müxtəlif vaxtlarda cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda "İşçi Masası"nın sədri Afiyəddin Məmmədov və digər üzvü Möhyəddin Orucov hələ də həbsdədir.

A.Məmmədova CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Həmin ittihamlarla ona 8 il həbs cəzası kəsilib. Onun həbs müddətinin başa çatmasına təxminən 5 il qalır.

M.Orucovun cəza müddəti isə bu il başa çatmalıdır. 2023-cü il dekabrın 13-də saxlanılan fəala qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri... hazırlama, istehsal etmə, əldə etmə,...) maddəsi ilə ittiham irəli sürülüb. Ötən il fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Orucova 3 il hökm oxunmuşdu.

Onlar da ittihamları qurama, siyasi sayırlar. Hərçənd, rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı dəyərləndirmələri qəti təkzib edirlər.