Mayın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü Ayxan İsrafilovun şikayəti ilə bağlı qərar çıxarıb.
Vəkil Fariz Namazlı bildirib ki, bu şikayət A.İsrafilov barəsində 2023-cü il avqustun 23-də seçilmiş həbs-qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı olub. Onun bildirməsinə görə, şikayətdə Avropa Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunun tanınması xahiş olunurdu. F.Namazlı deyib ki, bu iş üzrə hökumət birtərəfli bəyanat qəbul edib və hüquq pozuntusunu etiraf edib.
AİHM bu işi nəticədə siyahıdan çıxarıb.
Məhkəmə mənəvi zərərin əvəzi olaraq 2 min 700 avro, məhkəmə xərclərinə görə 450 avro kompensasiya müəyyən edib.
Hələlik, qərara Azərbaycanın rəsmi qurumları münasibət bildirməyib.
Qərar icra olunacaqmı?
Bu ilin aprelində prezident İlham Əliyev bildirmişdi ki, artıq AİHM-in qərarları Azərbaycana şamil edilə bilməz. O, ADA Universitetində "Yeni dünya nizamına doğru" adlı forumdakı çıxışında bununla bağlı fikirləri Azərbaycan nümayəndə heyətinin ötən il Avropa Şurası Parlamentlər Assambleyasında (AŞPA) mandatının təsdiqlənməməsi haqda suala cavab verərkən səsləndirmişdi: "Nəzərə alsaq ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmirik, buna görə həmin məhkəmənin qərarları bizim üçün hər hansı bir qüvvəyə malik deyil. Bu bizim mövqeyimizdir".
AŞPA ötən il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Əsaslar kimi Azərbaycanda insan hüquqlarının vəziyyətinin pisləşməsi, jurnalistlərin həbsi, növbədənkənar prezident seçkisini müşahidə etmək üçün quruma dəvət göndərilməməsi, habelə Qarabağda hərbi əməliyyatlar göstərilib.
Assambleyada səsvermədən əvvəl qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandıran Azərbaycan nümayəndə heyəti vurğulamışdı ki, baş verənlər ölkələrinin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsidir.
Xatırlatma
A.İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-1-ci (narkotik vasitələri saxlama və yayma) maddəsi ilə ötən il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il müddətinə azadlıqdan məhrum edilib. A.İsrafilov ittihamı qəbul etmir.
2022-ci ildə yaradılan "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının dörd üzvü – sədr Afiəddin Məmmədov, üzvləri Ayxan İsrafilov, Elvin Mustafayev və Möhyəddin Orucov hazırda həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, ittihamların hamısını qurama, siyasi sayırlar.