MeydanTV-nin hazırda həbsdə olan jurnalisti Aytac Tapdıqın anası Dilrubə Amanovanın Azərbaycandan çıxışına qadağa qoyulduğu bildirilir.
Bu barədə məlumatı Amanovanın özü və yaxınları yayıb. Bildirilənə görə, o, xaricdə yaşayan digər qızı ilə görüşmək üçün səfər etmək istəsə də, Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb. Qadağanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən tətbiq edildiyi deyilir.
D.Amanova heç bir banka və ya dövlət qurumuna borcunun olmadığını vurğulayır.
O, sosial şəbəkələrdə fəallığı ilə seçilir.
Məsələ ilə bağlı DİN ilə əlaqə saxlayıb danışmaq mümkün olmayıb.
Bundan əvvəl də həbsdə olan bəzi ictimai fəalların və jurnalistlərin yaxınları oxşar məhdudiyyətlərlə üzləşiblər.
"MeydanTV işi"
MeydanTV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Umudova, Natiq Cavadlı, Aytac Tapdıq, Xəyalə Ağayeva və Ramin Deko 2024-cü il dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs edilib.
Bu cinayət işi üzrə 2025-ci ilin fevralında daha üç jurnalist – Şəmşad Ağa, Nurlan Libre və Fatimə Mövlamlı tutulub. Mayda jurnalist Ülviyyə Əli, avqustda isə fotojurnalist Əhməd Muxtar da "MeydanTV işi" ilə bağlı həbs ediliblər.
Onlara Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213-cü (vergidən yayınma), 206-cı (qaçaqmalçılıq) və digər maddələri ilə ittiham verilib. Jurnalistlər qaçaqmalçılıq yolu ilə xaricdən valyuta gətirməkdə suçlanırlar. Həmin maddələr üzrə 12 ilədək həbs cəzası nəzərdə tutulur.
Jurnalistlər bu ittihamların heç birini qəbul etmir. Onlar prezident də daxil olmaqla, hökumət nümayəndələrinin korrupsiya əməllərini ifşa etdiklərinə, məmur özbaşınalıqlarını ictimailəşdirdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Rəsmilər isə, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını vurğulayır və jurnalistlərin törətdikləri əməllərə görə cinayət məsuliyyətinə cəlb edildiklərini bildirirlər.