Hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının keçmiş sədr müavini və Bakının Binəqədi Rayonun keçmiş bələdiyyə sədri Aytac Əliyeva həbs olunub.
Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan"a da təsdiqləyib. Onun deməsinə görə, bu hadisə təzə yox, bir müddət öncə baş verib.
Məlumata görə, A.Əliyeva və bacısı 2020-2021-ci illərdə müxtəlif məsələlərlə bağlı dələduzluqda ittiham olunurlar. Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.
"Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir", - E.Hacıyev vurğulayıb.
Həmin maddələr üzrə ittiham edilən şəxslərə 10 ilə qədər həbs cəzası verilə bilər.
İttihama, hələlik, sözügedən şəxslərdən, onların vəkillərindən və hakim partiyadan münasibət almaq mümkün olmayıb.