Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin üzvü Zaur Əhmədov inzibati qaydada həbs olunub.
Bu barədə AzadlıqRadiosuna həmin partiyadan məlumat verilib.
Məlumata görə, Z.Əhmədovu mayın 26-sı səhər saatlarında Salyanda iki mülki şəxs saxlayaraq naməlum istiqamətə aparıblar: "Sonradan məlum olub ki, Zaur bəyə bilinməyən saxta ittihamlarla 30 sutka müddətinə inzibati həbs cəzası verilib. İndiyə qədər Zaur bəydən heç bir məlumat yoxdur".
AXCP-dən həmçinin bildirilib ki, yaxınları Z.Əhmədova sovqat apara bilmir: "Salyan Rayon Polis Şöbəsində deyiblər ki, rəis icazə vermir nə sovqata, nə telefon əlaqəsinə".
Partiyadan vurğulanıb ki, fəalın həbsi onun siyasi fəaliyyəti ilə bağlıdır.
DİN-dən izah…
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov isə "Turan"a bildirib ki, Z.Əhmədov mayın 26-da rayon ərazisində ictimai qaydanı pozduğuna və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə saxlanıb: "Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Z.Əhmədov 30 sutka inzibati qaydada həbs olunub".
DİN rəsmisi vurğulayıb ki, Z.Əhmədovun ailəsi ilə əlaqə qurmasına və ona sovqat verilməsinə məhdudiyyət qoyulması ilə bağlı iddialar əsassızdır.