Sentyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində narkotik ittihamı ilə 3 il həbs cəzası alan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvü Elnur Həsənovun şikayəti üzrə məhkəmə prosesi keçirilib, şikayət təmin edilməyib.
AXCP-dən verilən məlumata görə, o, vaxtından əvvəl azadlığa çıxması ilə bağlı Qaradağ rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə Penitensiar Xidmətin rəyini əsas gətirərək şikayəti təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də Qaradağ rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
AXCP-dən habelə bildirildiyinə görə, məhkəmədə E.Həsənov həbsinin siyasi olduğunu söyləyərək sonrakı prosesləri də "siyasi” və "qərəzli" adlandırıb.
O bildirir ki, həbsinin üçdə iki hissəsi tamam olan gündən ona qarşı qərəzli hərəkətlər davam edib. "Altı aylıq qapalı həbsxanaya köçürülüb. İyulun 30-dan həmin müddət bitəndən sonra 6 saylı Cəzaçəkmə Müəssisənə köçürülüb. Müəssisəyə çatan gündən işgəncə ilə üz-üzədir", - partiyadan açıqlamaya görə, E.Həsənov deyib.
AXCP-dən vurğulandığına görə, E.Həsənov müəssisə əməkdaşları tərəfindən döyüldüyünü və buna etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.
Hələlik bu iddialara Penitensiar Xidmət və digər cavabdeh dövlət qurumlarından münasibət almaq mümkün olmayıb. Bununla belə, Penitensiar Xidmət bundan əvvəlki oxşar şikayətlər zamanı cəzaçəkmə müəssisələrində məhkumlara işgəncə verilməsi barədə iddiaları təkzib edib. Qurumdan bir qayda olaraq bildirilir ki, məhkumlarla yalnız qanun çərçivəsində davranırlar.
2 avqust 2024
AXCP üzvünə 3 il həbs cəzası kəsildi: ‘Necə olur ki, hamımız yerdən narkotik tapırıq?’
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) üzvü Elnur Həsənova 3 il həbs cəzası kəsilib. Avqustun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm verilib.
Cəbhəçi fəalın 39 yaşı var və o, 8 aydan çoxdur narkotik ittihamıyla həbsdədir. Cinayət işinin materiallarında iddia olunur ki, saxlanılarkən onun cibindən 5 qramdan çox narkotik tapılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib.
Avqustun 2-də məhkəmədə prokuror da elə həmin maddə ilə E.Həsənova 6 il 6 ay cəza istəyib.
Müvəkkilinin təqsirsiz olduğunu söyləyən vəkil Nemət Kərimli ona bəraət verilməsini istəyib. Vəkil bu cinayət işində çoxsaylı qanun pozuntularını vurğulayaraq, ortada iki polisin ifadəsindən başqa heç bir sübutun olmadığını deyib. O, həmin iki ifadənin, az qala, nöqtə-vergülünədək bir-birini təkrarladığını diqqətə yetirib. Bu da, o polislərin istintaq vaxtı hazır ifadələrə imza atdığını düşünməyə əsas verir.
N.Kərimli əlavə edib ki, E.Həsənovun qardaşı 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olub və ona şəhid statusu verilib.
“Kimi şərləyirlər, yazırlar ki, üstündən narkotik çıxıb”
Cəbhəçi fəalın özü də son sözündə şərlənərək həbs olunduğunu deyib. O, siyasi baxışlarına, o cümlədən sosial şəbəkələrdəki tənqidi paylaşımlarına görə narkotiklə şərlənərək cəzalandırıldığını bildirib.
E.Həsənov həbsindən öncə qanunsuz cərimələr yazdıqları üçün yol polislərin fəaliyyətini tənqid edən paylaşımlarına diqqət çəkib. O, Facebook hesabında buna etiraz olaraq, Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun vəzifədən çıxarılmasını tələb etdiyini bildirib.
“Kimi şərləyirlər, yazırlar ki, üstündən narkotik çıxıb, onu yerdən tapmışdı? Narkotik bostanda bitir ki, elə hamımız yerdən narkotik tapaq? Necə olur ki, hamımız yerdən narkotik tapırıq?”, - E.Həsənov son sözündə belə deyib.
Onun çıxışının ardından müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, hökmü açıqlayıblar. Hökmə görə, E.Həsənova qarşı ittiham nisbətən yüngülləşdirilərək, CM-in 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif olunub – ittihamdakı satış məqsədi çıxarılıb. Bu maddə ilə də ona 3 il həbs cəzası kəsilib.
Xatırlatma
AXCP sədri də daxil, bu müxalif partiyanın hazırda 20 civarında üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu açıqlayıb.
Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, indi Azərbaycanda 328 nəfər siyasi məhbus var.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənlərlə razılaşmır və vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər törətdikləri cinayətə görə mühakimə ediliblər.