Sabirabad cəbhəçisi polisin iclaslarına imkan vermədiyini deyir

Sabirabad, 29 sentyabr 2019

Bu gün, sentyabrın 29-da Sabirabad Rayon Polis Şöbəsinin Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) yerli təşkilatının məclis toplantısına müdaxilə etdiyi bildirilir.
Bu barədə AzadlıqRadiosuna AXCP yerli təşkilatından Sahib Rüstəmli məlumat verib.

Onun deməsinə görə, toplantı partiyanın yerli qərargahında keçirilməli idi. S.Rüstəmli qeyd edib ki, iclasın başlanmasına bir neçə dəqiqə qalmış şöbənin rəis müavini Aqşin Fətiyev və 20-yə yaxın sıravi polis qərargahı mühasirəyə alaraq cəbhəçiləri dağıdıblar.

O, vurğulayıb ki, Aqşin Fətiyev polislərlə gəlib və toplantının keçirilməyəcəyini söyləyib:

“O bizə qərargahın qapısının da mismarlanmasını dedi. Yəqin ki, gələn həftə qərargahı bizdən alacaqlar”.

Əvvəllər də müdaxilə olub

Sahib Rüstəmli, arxiv foto

Sahib Rüstəmlinin sözlərinə görə, əvvəllər də polisin toplantılarına müdaxiləsi olub:

“ Fərqli şəkildə, yəni polis məclisin iclasının keçirildiyi gün gəlib qərargahın kənarında dayanıb izləyirdi. Amma Siraqəddin Cabbarovun rayona icra başçısı təyin olunmasından sonra AXCP-yə münasibət sərtləşib, nə çayxanalarda oturmağa imkan verilir, nə qərargahda”.

Belə getsə yəqin bizə marketlərdə də qadağalar qoyular

Bir müddət sonra Sahib Rüstəmli AzadlıqRadiosuna deyib ki, onlar toplantını təxirə salsa da təqiblər dayanmayıb.

"Biz qarşıdurma olmasın deyə dağılışdıq və ətrafdakı çayxanalarda oturub çay içmək istədik. Buna da imkan vermədilər. Çayxana sahibləri cəhbəçilərə yaxınlaşaraq deyiblər ki, sizin burdan getməniz məsələhətdir və siz burda oturduğunuz üçün bizə təzyiqlər var. Biz də çayxanalardan çıxdıq. Amma saxlanan olmadı. Ola bilər ki, o çayxanaları da bizə görə bağlasınlar. Belə getsə, yəqin bir azdan marketlərdə, ticarət mərkəzlərində də bizə nə isə satılmasına imkan verməzlər"

Sahib Rüstəmlinin bu açıqlamasına, hələlik, nə Sabirabad Rayon Polis Şöbəsi, nə də yerli icra hakimiyyətindən münasibət almaq mümkün olub.
Amma rəsmilər bir qayda olaraq ölkədə dinc, sivil siyasi fəaliyyətə maneələr olmadığını vurğulayırlar.

Buna da bax: Müsavatçılar Lənkəranda iclas keçirməyə imkan verilmədiyini deyirlər

Xatırlatma

Düz bir həftə öncə, sentyabrın 22-də müxalifətdə olan başqa bir siyasi qüvvə-Müsavat Partiyası də Lənkəran rayon təşkilatının toplantısına polisin imkab vermədiyini açıqlamışdı. Onda toplantının Müsavat Partiyasının Divan üzvü Yadigar Sadıqlının Lənkərandakı evində keçirilməsinin planlaşdırıldığı qeyd edilirdi:

“Lənkəran təşkilatının ümumi yığıncağı keçirilməli idi. Təşkilatın rəbhbərliyi və qurultaya nümyəndə seçməli idik. Qərərgahımız yoxdur. İclas bizim evdə keçirilməli idi. Polislər gəlib qapının önünü kəsmişdilər, həyətə girmişdilər...”, Y. Sadıqlı AzadlıqRadiosuna demişdi.

Həmin toplantının polis müdaxiləsi üzündən təxirə salındığı açıqlanmışdı. Amma onda da bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və Lənkəran rayon yerli hakimiyyət orqanlarından münasibət almaq mümkün olmamışdı.